“Qazax Regional İnkişaf Resursları İctimai Birliyi” 20 illiyini qeyd edir
“Qazax Regional İnkişaf Resursları İctimai Birliyi” 20 illiyini qeyd edir.
Bu barədə “Qərb Xəbər”ə birliyin sədri Məhərrəm Göyüşoğlu məlumat verib.

O bildirib ki, təşkilat 18 fevral 2002-ci ildə “QHT və İnsan Haqları üzrə Qazax Resurs Mərkəzi” adıyla fəaliyyətə başlayıb: “Bizim, əslində qeyri-hökmət təşkilatları sahəsinə gəlməyimiz “Dilarə Əliyeva Qadın Hüquqları Müdafiə Cəmiyyəti”nin layihəsi və şəxsən onun sədri Novella Cəfəroğlunun birbaşa təşəbbüsü ilə reallaşdı. Belə ki, bu təşkilatın layihəsi və böyük Britaniyanın maliyyə dəstəyi ilə Qazaxda ilk resurs mərkəzi fəaliyyətə başladı. Açılışa Britaniyanın o vaxtkı səfiri cənab Andri Taker də təşrif buyurmuşdu.
2002-2006-cı illər arasında dövlət qeydiyyatı olmadan bu ad altında fəaliyyət göstərdik. Regionda gördüyümüz, yaşadığımız sosial problemlərin həlli üçün çalışdıq. Yeni təşəbbüs qruplarının yaradılmasına dəstək verdik. Və xeyli layihənin reallaşmasına nail olduq.
2006-cı ildən isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində “Qazax Regional İnkişaf Resursları İctimai Birliyi” adı altında dövlət qeydiyyatına alındıq.
Son 20 ildə bölgəmizin, regionumuzun problemlərini ictimailəşdirib, yerli əhalimizi maarifləndirib xeyli məsələlərin həllinə nail olmuşuq.
2009-cu il mənim karyerama və vətəndaş cəmiyyətinə baxışlarımı dəyişdi.
Elə həmin ilin may-iyun aylarında ABŞ-ın Viskonsin ştatına İcma İnkişaf Proqramı xətti ilə səfər etdik. Və o səfərdən sonra mən qeyri-hökumət təşkilatları sahəsindəki fəaliyyətimi tamamən icma inkişafı istiqamətində qurdum. Əslində, yerli icmaların təşəkkül tapması, təşəbbüslə yerli və ali hakimiyyət qarşısında çıxış edə bilməsi vətəndaş cəmiyyətinin təməl daşıdır.
Mənə görə cəmiyyətin lokal problemlərinin praktik həllinə addım-addım nail olması ölkənin və dünyanın qlobal problemlərindən saatlarla danışmasından daha önəmlidir. Məhz insanları, icmaları özünün problemlərinin həlli ətrafında səfərbər etmək demokratik təsisatların ilk rüşeymidir. İnsanlar sadəcə tələb etmir. Eyni zamanda özləri öz güclərini birləşdirib həmin problemlərin həllinə nail olurlar.

Tale bizim bəxtimizə elə bir şey yazıb ki, bütün fundamental işlərin ilkini görmək bizə nəsib olur. Təsədüfdən, ya zərurətdən – bilmirəm: bölgədə ilk professional xəbər portalının əsasını biz qoyduq. 2017-ci ildə “Bölgənin Səsi” olaraq başlayıb, sonra onu “Qərb Xəbər”ə çevirdik. Bu gün ictimai birliyimizin 20 illiyi ərəfəsində yaranışının 20 günlüyünü qeyd etdiyimiz ilk radionun da əsasını biz qoyduq: “Radio Qərb”.
Vətəndaş cəmiyyəti və media biri-birindən ayrı anlayış deyil. Xüsusən, region mediası olmaq vətəndaşların səsini aidiyyatı orqanlara çatdırmaq missiyası daşıyır. Bu özü? həm söz azadlığına, həm demokratiyaya xidmətdir. Gələcəkdə məhz media və vətəndaş cəmiyyətinin vəhdəti olan bu işlərimizi daha da inkişaf etdirib böyümək, əhatə dairəmizi genişləndirmək, kadrlarımızın peşəkarlıq səviyyəsini yüksəltmək istəyirik.
Cənubi Qafqaz respublikalarının kəsişməsində fəaliyyət göstərən bir media qurumu olaraq, gələcəkdə qonşu icmalarımızın dilində də xəbərlər verməyi planlaşdırırıq. Gürcü və erməni dilində xəbərlər yayımlayıb, Azərbaycan cəmiyyətinin mövqeyini qonşularımızın öz dilində onlara çatdırmaq istəyirik. Bu fəaliyyət icmalararası inteqrasiyaya səbəb olacaq, informasiya mübadiləsində ölkəmizin və millətimizin mövqeyini möhkəmlədərərək təmsil edəcək”.
Müəllif: Arzu Sayadoğlu





