Mütəxəssis: “İpəkqurdularının dirilməsi qənaətbəxşdir”
Builki mövsümdə Bərdə rayonunun kümçüləri min qutu ipəkqurdunun yemlənməsi ilə məşğul olacaq. Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuş ipəkqurdu toxumundan əldə olunan ipəkqurdularının rayonun kümçülərinə paylanılması artıq başa çatıb. İpəkqurdu alan kümçülərin sözlərinə görə, stansiyada inkubasiya prosesi yüksək səviyyədə aparılıb və ipəkqurdularının dirilməsi qənaətbəxşdir.
Bu barədə Bərdə rayonunun kümçülərinə nəzarət üzrə mütəxəssis Şəmil Behbudov məlumat verib.
Mütəxəssis bildirib ki, bu il rayonda yaş barama istehsalının 40 tona çatdırılması qarşıya hədəf olaraq qoyulub. Ötən il isə bərdəli kümçülər 520 qutu ipəkqurdunun bəslənməsi ilə məşğul olub, emal müəssisəsinə 14,5 ton yaşa barama təhvil veriblər.
Mütəxəssisin məlumatına görə, barama yetişdirəcək ailələrin şəraitinə əvvəlcədən baxış keçirilib, onlara lazımi məsləhətlər verilib, yemləmə otaqları müəyyənləşdirilib. İpəkqurdunun yemlənməsi prosesi zamanı otaqlardakı temperatur rejiminə daim nəzarət olunacaq.
Bərdəli mütəxəssis deyib ki, baramaçılığın inkişafına göstərilən yüksək dövlət qayğısı rayonun kənd adamlarının ürəyincədir. Ənənəvi sahələrin inkişaf etdirilməsi kəndlərdə işsizliyin aradan qaldırılmasına müsbət təsir göstərir. Belə ki, ötən il Bərdə rayonunda 220 ailə baramaçılıqla məşğul olurdusa, bu il kümçü ailələrinin sayı artaraq 350-ə çatıb.



