Güney Azərbaycan Milli Azadlıq Hərəkatının öndərlərindən, GünAz Tv-nin qurucusu və sahibi, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin lideri, Əhməd bəy Obalı və oğlu Dəniz Amerikanın Kaliforniya ştatında terrora məruz qalıblar.
Qərb Xəbər bildirir ki, Əhməd Obalı və ailəsi uzun illər Amerikada mühacir həyatı yaşayıb. Hazırda o, ABŞ vətəndaşıdır. Əhməd Obalı İran rejiminə qarşı mübarizə aparan GünAz TV-nin rəhbəri və qurucusudur.
Obalı Azərbaycana sıx-sıx gedib gəlirdi. Bu hadisə də Azərbaycandan dönüşdən 1 gün sonra baş verib. Hadisənin təfsilatı ilə bağlı dəqiq məlumat yoxdur. Lakin ilkin versiyaya görə bu, İran kəşfiyyatının əməlidir.
Əhməd Obalıya yaxın mənbələrdən verilən məlumata görə, hazırda Əhməd bəyin vəziyyəti ağırdır, oğlu isə reanimasiyaya yerləşdirilib. Güney Azərbaycan liderinin barmaqları qırılıb, boynunu qırmağa cəhd ediblər, bu səbəbdən də qolları və barmaqları işləmir.
Obalılara sui-qəsd edən 6 nəfər olub. ABŞ polisi onları yaxalayıb.