Əliyevin Xankəndi həmləsi – Detallar
“Brüssel görüşü Qərbdə Bakının gündəliyinin, xüsusilə Qarabağla bağlı mövqeyinin möhkəmlənməsi baxımdan əhəmiyyətli idi və Şarl Mişelin yekun bəyanatı göstərdi ki, Əliyev buna nail ola bilib. Bəyanatda bunu təsdiq edən iki məqam açıq mətnlə qeyd olunub: tərəflər qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasına sadiqliyi təsdiq ediblər. Qarabağ məsələsi yalnız ərazidəki erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması, onlarla təmasların qurulması çərçivəsində müzakirə olunub”.
“Qərb Xəbər” bildirir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı Brüssel görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, bu gündəlik əvvəlki Brüssel görüşlərində də təsdiq olunmuşdu:
“Lakin Fransanın təşəbbüsü ilə planlaşdırılan Kişinyov görüşündən öncə məsələnin Qərb platformasında yenidən təsdiq edilməsi Bakının əlini gücləndirən amildir. Çünki Vaşinqton görüşü və ondan sonra baş verənlər İrəvanın Qarabağa dair iddialarını Fransanın dəstəyi ilə ön plana çıxarmaq istədiyindən xəbər verirdi. Bakı Avropada bu istiqamətdəki cəhdləri yenidən arxa plana keçirdi və Kişinyov görüşündə İrəvanın iddia etdiyi “Bakı-Xankəndi” formatını irəli sürməsinə qarşı Brüsseldəki razılaşmalardan istifadə edəcək.
Digər tərəfdən, Mişelin açıqlamasından belə görünür ki, Kişinyovda keçiriləcək dördtərəfli görüşdə o da iştirak edəcək. Bu, rəsmi Bakının marağında olan məsələdir və əslində, Fransanın Avropa müstəvisində prosesi nəzarətə götürmək istəklərini neytrallaşdırır.
Bu nəticə həm də Moskva görüşü fonunda da vacibdir. Çünki regional məsələlərdə Bakı və Moskvanın gündəliyi böyük ölçüdə üst-üstə düşsə də, Qarabağ məsələsində ruslar fərqli mövqe sərgiləyirlər. Ermənistanın şifahi olsa da Azərbaycanın ərazi bütövlüyünü tanıması rusların planlarının neytrallaşdırılmasında rıçaqlardan biri kimi istifadə edilə bilər.
Bununla yanaşı, sərhədin delimitasiyası və kommunikasiyanın açılmasında işçi qruplarının yenidən işə başlaması, qarşılıqlı addımların atılması müzakirə edilib, razılaşdırılıb. Bu da müsbət qiymətləndirilməlidir”.

Asif Nərimanlı
Ekspertin sözlərinə görə, ümumilikdə bütün bunlar diplomatik masada müzakirə edilən və əksər vaxt masada qalan məsələlərdir:
“Belə müzakirələr, razılaşmalar elə diplomatik masada manevr imkanlarını genişləndirmək baxımdan Bakıya sərf edir. Lakin bu razılaşmaların praktiki müstəvidə irəliləməsi çətindir, indiyəqədərki təcrübə də təsdiq edir ki, anlaşmalar ya masada qalır, ya da çox ağır irəliləyir. Fikrimcə, Bakı diplomatik masada əlini gücləndirməklə yanaşı, hədəflərinə praktiki addımlarla nail olacağını da anlayır. Çünki reallıq fərqlidir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, Qarabağa iddiasını separatizm və erməni əhalisinin hüquqları üzərindən davam etdirmək niyyətini də gizlətmir. O cümlədən, işğalda qalan 8 kəndi qaytarmaq niyyətində də deyil. Bu baxımdan, belə görüşlərin və razılaşmaların Bakının öz hədəflərinə nail olmaq istiqamətində atacağı praktiki addımlara legitimlik qazandırmaq baxımından lazımlı hesab edilə bilər”.




