Qerbxeber.com Aktual.ge-ə istinadən xəbər verir ki, insan izdihamı səbəbindən Rustaveli prospektində nəqliyyatın hərəkəti tamamilə dayanıb.
Əllərində Avropa və Gürcüstan bayraqları dalğalandıran aksiyaçılar “Yaşasın Gürcüstan” və “Get-get” şüarları səsləndirir.
Etirazçılar hökumətin 28 noyabr tarixində Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 4 il müddətinə dayandırması qərarına etiraz edirlər. Aksiyaya müxalifət nümayəndələri də qoşulub.
Parlament binası hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.
Aksiya iştirakçılarının sayı isə hər keçən dəqiqə artır.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze 28 noyabrda parlament çoxluğu və hökumət komandası ilə görüşdən sonra Avropa İttifaqı ilə danışıqlarla bağlı açıqlama verib. Hakim partiyanın qərarına əsasən, Gürcüstan 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamayacaq və bu müddətdə hər hansı büdcə qrantını qəbul etməyəcək.
Baş nazirin bu bəyanatından sonra Tbilisidə gərginlik artıb. Minlərlə insan Parlamentin önünə toplaşaraq etiraz aksiyası keçirib. 29 noyabr gecəsi aksiya daha da şiddətlənib, etirazçılarla hüquq-mühafizə orqanları arasında qarşıdurma yaranıb. Hadisə nəticəsində onlarla etirazçı saxlanılıb, 43 polis əməkdaşı yaralanıb.