Hər birimizin həyatında tədbir, banket və xeyir işlər, toplantılar olur və bunların əksəriyyəti axşam saatlarına təsadüf edir.
Nəzərə almaq lazımdır ki, 20:00-dan sonra bədənin metabolizmi yavaşlayır.
Yəni, axşam saatları və xüsusilə qaranlıq düşəndən sonra bədən daxilində fəaliyyət göstərən bioloji mexanizm, yəni daxili saat, bədəni istirahət rejiminə keçirir.
Bu o deməkdir ki, qəbul olunan qidanın enerjiyə çevrilməsi prosesi daha ləng gedir və istifadə olunmayan enerji yağ şəklində ehtiyat kimi saxlanır.
Yəni, orqanizm enerji sərfini azaldır, nəticədə qəbul olunan qida, xüsusilə də karbohidrat və yağlar, sürətlə piyə çevrilir.
Bəs necə edək, axı iştirak etməmək olmur?
Unutmayaq ki, tədbirlərin bədənə təsiri bir-iki dəfə ilə ölçülmür.
Əsas olan davamlı vərdişlər və ümumi həyat tərzidir.
Əgər ümumilikdə rejimə riayət ediriksə, bir tədbirdə ağıllı davranmaqla həm sosial həyatdan qalmır, həm də bədənimizi korlamırıq.
Tədbirlər zamanı masaların nemətlərlə bol, cazibədar olması, sosial mühit, insanların rahatlığı və nəzarətsizliyi, eləcə də fiziki aktivliyin praktiki olaraq sıfır səviyyəsində olması bədəndə piylənməyə və əlavə çəki artımına səbəb olmasın deyə burada düzgün yanaşma, planlaşdırma və qidanın ağıllı seçimi çox vacib rol oynayır.
Bəs tədbir öncəsi və zamanı necə qidalanmalı?
Tədbirə tam ac getmək heç də düzgün yanaşma deyil.
Bu, psixoloji nəzarətsizliyi artırır və süfrə arxasında həddindən artıq yeməyimizə səbəb ola bilər.
Ona görə də, gün ərzində balanslı şəkildə zülal və tərəvəzlərlə qidalanmaq, su qəbulunu düzgün saxlamaq vacibdir. Bu, toxluq hissimizi qorumağa kömək edəcək.
Süfrə arxasında isə ağıllı və nəzarətli yanaşma vacibdir.
Bunlara diqqət edək:
-Yağsız ət, toyuq, balıq və tərəvəz salatlarına üstünlük verək.
-Süfrəyə ümumi nəzər salıb, hansı qidaları seçəcəyimizi əvvəlcədən müəyyən edək.
-Boşqabı tam doldurmağımıza heç də ehtiyac yoxdur.
-Mümkün qədər mayonezli, souslu və ağır yeməklərdən uzaq dursaq əla olar.
-Şirniyyat və un məmulatlarından ya tam imtina, ya da sadəcə dadına baxmaqla kifayətlənək.
Yeməyi asta-asta, yaxşı çeynəyərək yemək , həm toxluq hissini vaxtında hiss etməyimizə, həm də qidanın daha yaxşı mənimsənilməsinə kömək edəcək.
Tədbirdən sonra isə bədənə kömək etmək üçün:
Əgər imkan varsa, tədbirdən sonra yüngül gəzmək çox faydalıdır. Əgər tədbirin keçirildiyi yer ünvanımıza yaxın ərazidədirsə, piyada getməyə üstünlük vermək həm həzm sisteminin aktivləşməsinə kömək edər, həm də qəbul etdiyimiz əlavə kalorilərin bir qisminin xərclənməsinə şərait yaradar.
Bu sadə vərdiş bədənin yüklənməsinin qarşısını alır və tədbirdən sonra özümüzü daha yüngül hiss etməyimizə kömək edir.
Sonda xatırlatma:
Həyat balans üzərində qurulmalıdır.
Əgər məqsədimiz sağlam çəki və yaxşı görünüşdürsə, tədbirlərdə də öz bədənimizə hörmət etməyi unutmamalıyıq!