Şəmkirdə Zəfər Günü təntənəli qeyd olunub
Şəmkir rayonunda “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib.
“Qərb Xəbər” bildirir ki, tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Milli Məclisin deputatı Kamran Bayramov, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər.
Çıxış edən Şəmkir RİH başçısı Rəşad Tağıyev Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Şanlı Azərbaycan ordusunun qazandığı Zəfər tarixindən danışıb.
Çıxışının sonunda icra başçısı rayon İcra Hakimiyyətinin təşəbbüsü, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayon Sektorunun təşkilatçılığı ilə keçirilən “Zəfər Yolu” inşa və rəsm müsabiqəsinin qaliblərinə, eyni zamanda “Zəfərin mübarək, Ana Vətən” qısametrajlı filmin çəkilişində iştirak edən Düyərli kənd tam orta məktəbin 7-a sinif şagirdlərinə, filmin ssenari müəllifinə RİH başçısının Fəxri Fərmanını təqdim edib.
Tədbir Şəmkir Regional Mədəniyyət İdarəsinin kollektivi tərəfindən hazırlanmış rəngarəng konsert proqramı ilə davam etdirilib.
Bayram tədbirinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.




