Ötən gün axşam saat 19:00-da başlayan etiraz aksiyası polisin müdaxiləsinə baxmayaraq səhər saatlarınadək davam edib.
“Qərb Xəbər” xəbər verir ki, polis gecə saat 23:00 radələrində etirazçıları parlament binasının ətrafından və Rustaveli prospektindən çıxarmağa nail olsa da, lakin aksiya şəhərin digər yerlərində davam edib.
Gecə saatlarında aksiya işçtirakçılarının bir hissəsi yenidən Rustaveli prospektinə qayıtmaq istəyib, burada polislə etirazçılar arasında müxtəlif vaxtlarda qarşıdurmalar yaşanıb. Nümayişçilər polis maşınını aşırıblar. Onlar xüsusi təyinatlıların irəliləməsinə mane olmaq üçün barrikadalar qurublar.
Səhər saat 07:00-dək bir qrup vətəndaş öz aksiyalarını davam etdiriblər. Polis səhər saatlarında etirazçıları dağıtmaq məqsədi ilə kütləvi həbslərə başlayıb.
Rəsmi məlumatlar açıqlanmasa da, yerli mətbuat 100-dən artıq şəxsin saxlanıldığını bildirir.
Qeyd edək ki, hazırda Rustaveli prospektində sakitçilik hökm sürür və burada avtomobillərin hərəkəti bərpa olunub.
Müxalifət partiyalarının və etiraz hərəkatında iştirak edən tələbələr birliyi bu gün saat 11:00-da ümumi ictimai dinc itaətsizliyə başlamaq üçün birgə çağırış edəcəklər.
Məlumat üçün bildirək ki, martın 7 də “xarci təsir agenti” haqqında qanun layihəsi birinci oxunuşda parlamentdə qəbul edildikdən sonra kütləvi etirazlar başlayıb. Aksiyanın bu gün axşam da davam edəcəyi bildirilir.