Kardio: Qapalı və Açıq Məkanın Arıqlamaya Fərqli Təsirləri-ELNUR NEMƏTOVUN yazısı
Bildiyimiz kimi, kardio dedikdə əsasən ürək-damar sistemini gücləndirən və yağ yandırılmasını aktivləşdirən fiziki fəaliyyətlər nəzərdə tutulur. Kardio məşqləri həmçinin bədənin dözümlülüyünü artırır, ağciyərlərin fəaliyyətini gücləndirir, qan dövranını normallaşdırır və piy yandırılmasını sürətləndirir. Buna görə də çox vaxt arıqlamaq üçün gündəlik 40–60 dəqiqə kardio məşqləri tövsiyə olunur.
Lakin çoxumuz kardionun yalnız fiziki tərəfinə fokuslanaraq, onun məkan və beyin fəaliyyəti baxımından fərqlərini nəzərə almırıq.
Halbuki qapalı və açıq havada edilən kardio arasında mühüm fərqlər var. Gəlin bu məsələyə daha geniş prizmadan baxaq və fərqləri nəzərdən keçirək.
Hazırda geniş yayılan 3 kardio növü mövcuddur:
1. Aşağı intensivlikli kardio – sürətli gəzinti, yüngül velosiped sürmə, üzgüçülük
2. Orta intensivlikli kardio – sürətli pilləkən qalxma, tempolu qaçış, ritmik rəqs
3. Yüksək intensivlikli kardio – sürətli qaçış + yavaş qaçış kombinasiyası, qısa müddətdə yüksək nəbz artıran fəaliyyətlər.
Arıqlayarkən fərdi göstəricilər – çəki, fiziki hazırlıq səviyyəsi, ürək-damar sağlamlığı – nəzərə alınaraq bu üç növdən biri və ya bir neçəsi tövsiyə oluna bilər.
Qapalı məkan kardio məşqləri əsasən trenajor zalında və ya ev şəraitində həyata keçirilir.
Bu zaman məkan sabit olduğu üçün beyin yeni vizual və eşitmə məlumatlarını qəbul etmir və enerji sərfiyyatı yalnız fiziki yüklənmə hesabına baş verir. Bu səbəbdən məşqlər monoton olur və motivasiya tez itə bilər.
Açıq havada kardio məşqləri zamanı beyin yeni vizual, eşitmə və qoxu siqnallarını qəbul edir, onları analiz edir və əlavə enerji sərfiyyatı yaradır. Yəni fiziki fəaliyyətlə yanaşı, beyin də enerji xərcləyir və bu proses daha çox kalori yanmasına səbəb olur.
Gəlin bunu bir az daha geniş misallarla başa düşməyə çalışaq. Sadə bir nümunə:
Qaçış trenajorunda hərəkət daim eyni ritmdə və eyni mühitdə təkrarlandığı üçün ayaqların trenajor səthi ilə təması hər dəfə eyni olur. Eyni zamanda, bədənin eyni xətt üzrə hərəkəti bir müddətdən sonra beyin tərəfindən “təhlükəsiz və standart” kimi qəbul edilir və adaptasiya prosesi başlayır.
Yəni, mütəmadi və dəyişkənliyi olmayan hərəkətlərdə beyin və sinir sistemi zamanla bu hərəkətə uyğunlaşır (adaptasiya).
Bu mərhələdə əlavə diqqət, koordinasiya və balans üçün minimal enerji tələb olunur. Bu, adaptasiya mexanizminin təbii fəaliyyətidir. Nəticədə bu fəaliyyətə sərf olunan enerji azalır və bədən artıq əlavə enerji sərf etmir.
Açıq havada kardio isə tam başqa səviyyədir!
Fiziki yüklənmə ilə yanaşı, sinir sistemi də tam gücü ilə işləyir. Ayaqların yer ilə təması hər addım sayı bir az fərqlidir, bədən hərəkətləri daim dəyişir, balansı davamlı tənzimləyir və beynimiz nonstop işləyir. Hər addımda beynimiz:
Yol kənarında qaçan itləri və sahiblərinin sürpriz hərəkətlərini izləyir və hesablayır,
Qarşıdan gələn velosipedçilərin və avtomobillərin hərəkətini proqnozlaşdırır,
Parkdakı uşaqlar və insanlar arasında boşluqları və ara məsafələri hesablayır,
Arxada və öndə yeriyən və ya qaçanlarla rəqabət hissi yaradır, motivasiyanı və özünə inamı artırır,
Külək, yağış və günəş işığı kimi hava şəraitini qiymətləndirir,
Bütün maneələri, təhlükələri və riskləri analiz edir və anında düzgün qərar qəbul etmək üçün bütün resursları işə salır.
Bu barədə cox misal cəkmək olar .
Deməli bu qədər informasiya bir anda beynimiz tərəfindən işlənir və emal olunur, nəticədə əlavə enerji sərf olunur.
Qısacası, açıq hava kardiosu trenajorda eyni müddət ərzində qaçmaqdan daha çox kalori yandırır – həm bədən, həm də beyin məşqdən maksimum fayda götürür.
Nəticə:
Qapalı məkanda kardio zamanı beyin yalnız mövcud mühitdəki məhdud siqnalları qəbul edib analiz edir və əlavə enerji sərfiyyatı yaranmır. Açıq məkanda kardio zamanı isə beyin sonsuz sayda yeni informasiya alır, emal edir və bu proses əlavə enerji sərfini artırır – nəticədə yağ yandırma prosesi daha da sürətlənir.
Tövsiyə:
Kardio məşqlərimizi mümkün qədər açıq havada, təbiətlə təmasda etmək bədənimizi hərəkətdə saxlamaqla yanaşı, beyin fəaliyyətimizi də aktivləşdirmək üçün ideal şərait yaradır.
Təbiətdə edilən hər addım, nəfəs və hərəkət bizi monoton məşqlərin verdiyi yorğunluqdan uzaqlaşdıracaq və beynimizin əlavə enerji sərf etməsini təmin edəcək.
Nəticədə həm bədənimiz, həm də beynimiz fit qalacaq.




