Gürcüstan XİN Almaniya səfirinə etirazını bildirdi-BƏYANAT
Görüşdə səfirə izah olunub ki, Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəlik üzvü olduğu ölkənin qanun və qaydalarına hörmətlə yanaşmalı, həmçinin ev sahibi dövlətin daxili işlərinə qarışmamalıdır.
Qerbxeber.com xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi Almaniyanın səfiri ilə görüşün yekununda bəyanat yayıb.
Qurumun açıqlamasında qeyd olunub ki, görüşdə Gürcüstan tərəfin narahatlığına səbəb olan məqamlardan biri ölkədə radikal gündəmin təşviq olunması cəhdləridir.
Həmçinin, ölkədə gedən məhkəmə proseslərinin siyasiləşdirilməsi cəhdləri və bu prosesdə səfirlərin iştirakı da narahatedici hal kimi vurğulanıb.
Alman səfirin Gürcüstan XİN-ə çağırılması ilə bağlı nazirliyin bəyanatını təqdim edirik:
“24 sentyabr tarixində Gürcüstan Xarici İşlər Nazirliyində xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili Almaniya Federativ Respublikasının fövqəladə və səlahiyyətli səfiri Peter Fişer ilə görüş keçirdi. Görüşdə səfirə izah olundu ki, ‘Diplomatik münasibətlər haqqında’ 1961-ci il Vyana Konvensiyasının 41-ci maddəsinin birinci bəndinə əsasən diplomatik nümayəndəlik üzvü olduğu ölkənin qanun və qaydalarına hörmətlə yanaşmalı və ev sahibi dövlətin daxili işlərinə qarışmamalıdır. Görüşdə vurğulandı ki, Gürcüstan tərəfin narahatlığına səbəb olan məsələ ölkədə radikal gündəmin təşviqinə yönəlmiş cəhdlərdir ki, bu da demokratiya prinsiplərinə ziddir və cəmiyyətdə parçalanmanı dərinləşdirir.
Bununla yanaşı, ölkədə aparılan məhkəmə proseslərinin siyasiləşdirilməsi cəhdləri və bu prosesdə səfirlərin iştirakı da narahatlıq doğurur. Gürcü tərəfi Almaniya səfirliyi tərəfindən nifrət dilinin yayılması və dezinformasiyanın təşviqi ilə bağlı bildirilmiş narahatlığın əsasları ilə maraqlanıb. Qeyd olunub ki, səfirlikdən rəsmi şəkildə həmin narahatlığa dair konkret əsaslandırma təqdim etməsi tələb olunub, lakin indiyədək bu baş verməyib. Buna görə də gürcü tərəfi bu kimi iddiaları hakimiyyətə qarşı əsassız hücumların növbəti cəhdi hesab edir.
Gürcüstan hökuməti, ona qarşı aparılan məqsədyönlü kampaniyalara baxmayaraq, ikitərəfli münasibətlərə böyük önəm verir və onları qoruyur, hesab edir ki, bu kimi addımlar iki ölkə arasında illər ərzində formalaşmış tərəfdaşlıq əlaqələrinə zərər vurur. Xarici İşlər Nazirliyi ümid edir ki, diplomatik nümayəndələrin fəaliyyəti gələcəkdə ölkələrarası qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq prinsiplərinə söykənəcək”.




