Fiziki (həqiqi) aclıq ilə Psixoloji (yalancı) aclığın Fərqi-Elnur Nemətovun yazısı
Yəqin ki, çoxumuz bu vəziyyəti yaşamışıq: yeyirik… Qarın hissəsi sanki daş kimi olur — sonra birdən deyirik “köpdüm”, “nəfəs ala bilmirəm”.
Halbuki yeməyə başlamazdan əvvəl heç də belə düşünməmişdik.
Bəs bu niyə baş verir?
Bu hal həqiqətən bədənin ehtiyacından artıq yeməyin nəticəsidir, yoxsa psixoloji (yalancı) aclığın təsiri ilə baş verir?
Bəlkə ümumiyyətlə tamam başqa bir mexanizm işə düşür?
Bu fərqi anlamaq bizə bədənin nə vaxt doğrudan da qidaya ehtiyacı olduğunu, nə vaxt isə bu ehtiyacın sadəcə “əvəzləmə” olduğunu başa düşməyə kömək edə bilər.
Eyni zamanda gələcəkdə həddindən artıq kalori yığımının, nəzarətsiz yeməyin, nəticə etibarilə artıq çəki və piylənmənin qarşısının alınmasında mühüm rol oynaya bilər.
Gəlin məsələyə kökündən baxaq və anlayışları qarışdırmadan aydınlaşdıraq:
Aclıq ümumiyyətlə nədir, fiziki aclıq necə yaranır və yalancı (psixoloji) aclıq hansı mexanizmlə baş verir.
Aclıq nədir?Aclıq — orqanizmin enerji və həyati vacib qida maddələrinə ehtiyac duyduğunu bildirən fizioloji siqnaldır; hüceyrələr fasiləsiz olaraq qlükoza, amin turşuları və yağ turşularından istifadə edir. Bu ehtiyatlar azaldıqda bədən açıq mesaj verir: “Mənə yanacaq lazımdır.”
Necə ki, avtomobildə yanacaq bitəndə xəbərdarlıq işığı yanır; aclıq da eyni funksiyanı yerinə yetirir; yəni aclıq düzgün işləyən bədənin xəbərdarlıq sistemidir.
Fiziki aclıq nədir?
Fiziki aclıq qanda qida maddələrinin səviyyəsi azaldıqda yaranır; qlükoza, amin turşuları və digər əsas maddələrin konsentrasiyası aşağı düşür, beyində (hipotalamus) aclıq mərkəzi aktivləşir. Nəticədə mədədə yığılmalar, halsızlıq, diqqətin azalması, bəzən başgicəllənmə hiss olunur.
Bu aclıq tədricən yaranır və istənilən normal yeməklə aradan qalxır; yeməkdən sonra isə orqanizm sakitləşir və toxluq hissi formalaşır.
Yalancı (psixoloji) aclıq necə baş verir?Yalancı aclıq bədənin deyil, sırf beynin yemək istəməsidir. Bu zaman qanda qida maddələrinin səviyyəsi normal olur, mədənin heç bir real ehtiyacı olmadığı halda yemək istəyi qəfil və kəskin şəkildə ortaya çıxır.
Ən diqqətçəkən cəhət isə bu aclığın seçici olmasıdır: insan istənilən yeməyə yox, konkret bir məhsula fokuslanır və onu arzulayır; adətən bu, şirniyyat, çörək məmulatları və ya fast-food kimi yüksək kalorili qidalar olur.
Həmçinin reklamlar, stress, darıxmaq, yorğunluq, emosional boşluq və psixoloji gərginlik bu mexanizmi asanlıqla işə sala bilər. Məsələn, deyirik: “Ürəyim şirniyyat istədi” və ya “İsti təndir çörəyi vurdu beynimə”))) — bəli, bu sırf beyinlə əlaqədardır.
Belə hallarda beyin yeməyi tələb edir, mədə isə nə baş verdiyini hələ də başa düşmür.
Nəticədə yemək dadına fokuslanmadan, demək olar ki, avtomatik şəkildə çeynənib udulur və yemək zamanı diqqəti cəmləmək çətinləşir.
Ardınca isə köpmə, ağırlıq hissi və ümumi narahatlıq yaranır.
Deməli, əsas fərq və nəticə:
Fiziki aclıq bədəni qorumağa xidmət edir; psixoloji aclıq isə çox vaxt hissləri susdurmağa yönəlir.
Bu iki halı ayırd edə bilsək, həm fiziki aclığın siqnallarını düzgün tanıya, həm də hisslərdən yaranan yemək istəklərinin qarşısını ala bilərik.
Bunun üçün isə düzgün gündəlik qida planı və qida ardıcıllığı vacibdir.
Saglam olmaq hər kəsin haqqıdır!




