Ermənistanda Azərbaycan əsgərlərinin tutulması və saxta xəbərlər
Bu gün saysız hesabsız saxta xəbər yayılır bu mövzuda. Əsas mənbə Ermənistan mediasıdır, aktiv yayanlar da Azərbaycan mediası və fərdlərdir.
Real fakt: 2 nəfər əsgər tutulub. Bu gün ortaya çıxarılan videoda Azərbaycan əsgərinə işgəncə verilməsi kadrları yayılıb.
Şübhəli məqamlar: Ermənistan mediası 3-4 “dəqiq” məlumat yayıb. Birinə görə saxlanılan əsgər Şəhərcik (ermənilər adını Şğarjik adlandırırlar) qəsəbəsində tutulub. Yəni Qapan şəhərdən 8 km aralıqda, M2 avtomobil yolunun yaxınlığında. Bu birinci məlumat.
Sünik (Zəngəzur) qubernatoru Nare Kazaryan deyir ki, dünəndən bilirdilər ki (!) əsgər Qapan ərazisindədir. Necə öyrəndiklərini yəqin heç vaxt açıqlamayacaq.. Diqqət edin Kazaryan deyib ki, əsgəri Xələc (ermənilər adını Açanan qoyublar) kəndinin yanındakı quşçuluq fermasında tutublar. Xələc kəndi isə tamam başqa istiqamətdə – Qapan şəhərinin şimalında H45 yolunun üzərindədir. Eyni əsgəri 2 fərqli yerdə tutublar…
Maraqlısı odur ki, hər iki variantda Azərbaycan əsgəri Zəngilanın təxminən 10 km-liyinə qədər gəlib çıxdığı deyilir. Yəni günlərdir ki, əsgər Ermənistanın bir başından digər hissəsinə gedib.
3-cü versiya da var. Ermənistan mediası əsgərin bu gecə mis-molibden zavodunun mühafizəçisini öldürdüyünü deyir. Bundan sonra onu öldürülənin “qohumları tutub”. Amma bir məqam var. Zavod Qacaranda yerləşir. Yəni Qapan şəhərindən 28 km aralı və Zəngilana deyil, Naxçıvan MR-ya yaxın. Ermənistan baş prokuroru Qor Arahamyan da rəsmi feysbukunda yazıb ki, “azərbaycanlının bu cinayəti işlətməsi haqda sübutumuz yoxdur”.
4. Əsgər Qapan şəhər polis idarəsindədir.
Yəni əsgər Ermənistan ərazisi ilə 140 km hərbi formada (!) yol gedib (ac-susuz!) və heç kəsin xəbəri olmayıb. Bu qarmaqarışıqlığın bir adı var- məlumatların əksəriyyəti saxtadır. Kim tərəfindən, nə vaxt və harada tutulduğu bilinmir və istənilən variantlar ortaya çıxır. Adamı əvvəlcədən də tutub bu gün təqdim edə bilərlər. Ona görə hər gördüyünüzə inanmayın.
Media eksperti Emin Hüseynzadə




