Elnur Nemətov: Ağızda Başlayan Həzm – Sağlam Qidalanmanın Əsas Mərhələsi
Dinimizdə yeməyə duzla başlamaq və duzla bitirmək mövzusuna bir çox mənbələrdə toxunulur.
Məsələn, bəzi rəvayətlərdə belə nəql edilir:“Yeməyə duzla başla və duzla bitir, çünki duz yetmiş xəstəliyə şəfadır” və ya “Kim yeməyə duzla başlasa, Allah ondan yetmiş növ xəstəliyi uzaqlaşdırar.”
Sözsüz ki, burada “70” konkret statistik göstəricidən daha çox, çoxluğu və geniş faydanı ifadə edən simvolik bir rəqəmdir.
Və buradakı məqsəd duzu çox istifadə etmək deyil, bədəni yeməyə hazırlayan refleksi anlamaqdır.
Gəlin baxaq, elm bu haqda nə deyir.
Müşahidələr göstərir ki, duz dad reseptorlarını qıcıqlandıraraq sinir sistemi vasitəsilə tüpürcək axınını artırır. Ağız duzu “seyrəltmək” üçün daha çox tüpürcək ifraz edir.
Bu, orqanizmin təbii reaksiyasıdır. Yəni, biz ilk tikəni udmamışdan əvvəl həzm mexanizmi artıq işə düşmüş olur.
Bilməliyik ki, sağlam qidalanma yalnız doğru məhsulları seçməkdən ibarət deyil; onları necə yeyilməsi, tez və yaxşı həzm olması daha vacib şərtdir.
Bəzən düşünürük ki, “yemək sadəcə mədəyə gedir” və bütün proses orda başlayır. Bu heç də elə deyil; həzm prosesi ağızda başlayır və bu mərhələ yeməyin bədənimiz tərəfindən necə istifadə olunacağını birbaşa təsir edir.
Gəlin baxaq, ağız suyunun rolu nədir və həzmin başlanğıcı haradan start götürür.
Bizim orqanizmimiz elə qurulub ki, yeməyə başladığımız anda həzm prosesi artıq işə düşür.
Maraqlıdır, hə?)) Baxaq, bu necə baş verir.
Bu prosesin əsas “qəhrəmanı” ağız suyunda (yəni tüpürcəkdə) olan fermentdir. Ağız suyu yalnız qidanı nəmləndirmək və yumşaltmaq üçün deyil; o həm də karbohidratları parçalayır. Həzm məhz buradan başlayır.
Necə?
Ağız suyunda çox vacib olan “Amilaza” deyilən ferment mövcuddur.
Amilaza: nişastanı qismən parçalayır və disaxarid – maltoza əmələ gətirir.
Deyəsən, biraz qəliz oldu)) açıqlama verək.
Təsəvvür edək ki, nişasta böyük bir çörək dilimidir. Onu bir dəfəyə udmaq mümkün deyil, düzdür?
Amilaza bu çörəyi götürüb iri-iri dilimlərə doğrayan bıçaq rolunu oynayır. Yəni, nişastanı tam xırdalamır; sadəcə bir az kiçildir və onu “Maltoza” adlı hissələrə bölür.
Bu mərhələdə yemək hələ tam hazır deyil, sadəcə bir hazırlıq prosesi gedir.
Ağızda Amilaza tərəfindən qismən parçalanmış nişasta artıq maltoza formasındadır. Maltoza bağırsaqlara çatır və orada “Maltaza” fermenti vasitəsilə iki qlükoza molekuluna çevrilir. Nəticədə bədən qlükozanı dərhal enerji kimi istifadə edə bilir.
Deməli, ağız suyunda əsas rol oynayan ferment Amilazadır. Maltaza isə bu parçalanma prosesini əsasən bağırsaqlarda tamamlayır.
Yəni, işi maltaza tamamlayır: maltozanı
(doğranmış hissələri) qlükozaya çevirən məhz maltazadır.
Bir məqama diqqət yetirək:
Karbohidratlar üçün həzmin kimyəvi mərhələsi əsasən ağızda başlayır, protein və yağların həzmi prosesi isə mədəyə çatana qədər hələ aktiv olmur.
Yəni belə deyə bilərik ki, hər qaşıqda yalnız amilaza karbohidrat həzmini işə salır; maltaza isə bağırsaqda fəaliyyət göstərir.
Bəs bu prosesin effektiv olması nədən asılıdır?
Cavab kifayət qədər sadədir — yeməyi çox çeynəməkdən.
Niyə çox çeynəmək bu qədər vacibdir?
Çünki tələsik udulan yemək mədə üçün əlavə yük deməkdir. Bu zaman mədə həm qidanı parçalamalı, həm də həzm etməlidir; bu da ağırlıq, şişkinlik və halsızlıq hissi yarada bilər.
Yeməyi yaxşı çeynədikdə isə qida xırdalanır və fermentlərin işi asanlaşır. Başqa sözlə, yaxşı çeynənmiş qida həzm sistemini qoruyur və mədənin yükünü azaldır.
Bununla yanaşı:
Qida maddələrinin sorulması artır, bədən vitamin və mineralları daha rahat mənimsəyir.
Daha tez toxluq yaranır, beyin doyduğunuzu vaxtında anlayır və artıq yeməyin qarşısı alınır.
Enerji daha stabil olur, qlükoza qana daha balanslı şəkildə ötürülür.
Bu mövzu bizə ənənəvi qidalanma tövsiyələri ilə fiziologiyanın prinsipləri bəzən eyni nöqtədə kəsişdiyini göstərir.
Yəni, əsrlər əvvəl formalaşmış bəzi davranışların arxasında təkcə mədəniyyət deyil, həm də bədənin təbii işləmə mexanizmləri dayanır.
Ona görə də ənənələrimizi unutmaq yox, onları doğru anlamaq daha vacibdir.
Çünki bəzən keçmişdən gələn sadə vərdişlər, yeməyə tələsməmək, qidanı yaxşı çeynəmək, bədəni yeməyə hazırlamaq, müasir sağlam qidalanma prinsipləri ilə tam uyğunlaşır.
Əsl hikmət isə tarazlıqdadır.
Ənənəni kor-koranə təkrarlamaq deyil, onu elm süzgəcindən keçirərək həyatımıza tətbiq etməkdir.
Belə olduqda həm köklərimizə bağlı qalırıq, həm də sağlamlığımız üçün daha şüurlu seçimlər etmiş oluruq.
Hörmətlə:




