Medvedevin bəyənatları rus cəmiyyətində və beynəlxalq ictimaiyyətdə rişxəntlə qarşılanır – Politoloq
“Rusiyasız bir dünyaya ehtiyacımız yoxdur”.
Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.
Medvedev əlavə edib ki, əgər Rusiyanın mövcudluğu məsələsi gündəmə gələrsə, insan sivilizasiyasının mövcudluğu məsələsi də, sual altında qalacaq.
O bildirib ki, Rusiya düşmənləri “Kiyev rejimi”ni silahla təmin edirlər və bununla da mümkün danışıqlara mane olurlar və üstəlik, onların hərəkətləri “tam fiasko və apokalipsis”ə aparır.
Məsələ ilə bağlı “Qərb Xəbər”ə danışan politoloq Oktay Qasımov bildirib ki, Dmitri Medvedevin bu tip açıqlamaları son 1 ildə intensiv hal alıb.

“Bu adam müharibə başlayandan sonra Rusiyada özünü mürtəci qüvvələrin əsas nümayəndəsi kimi təqdim edir. Reallıqdan uzaq fikirlər səsləndirir. Bir çox halda onun aqressiv fikirləri hətta Jirinoviskinin fikirlərini arxada qoyur. Bu fikirlər bir çox hallarda həm rus cəmiyyətində, həm beynəlxalq ictimaiyyət arasında rişxəntlə qarşılanır”.
Politoloq qeyd edib ki, Medvedevin bu açıqlamaları özünün gələcək siyasi kariyerasına hesablanıb.
“Rusiya cəmiyyəti hal-hazırda elə bir vəziyyətdədir ki, burada daha çox aqressiv çıxış edən, radikal mövqe sərgiləyənlərin mövqeyi güclənir. Necə ki, Priqojin, Kadirov və digərləri kimi sanki Medvedev də bu kimi adamlarla yarışır. Bununla da Rusiya elitası arasında öz mövqelərini möhkəmləndirmək və Putindən sonrakı dövrdə hakimiyyətə yiyələnmək məqsədi güdür. Medvedevin bu çıxışlarına beynəlxalq ictimaiyyət öyrəşdiyi üçün onu artıq ciddi siyasi fiqur hesab etmirlər deyə bu bəyanatlara hansısa reaksiya olacağını düşünmürəm”.
“Rusiya Ukrayna cəbhəsində uğursuzluqlara düçar olandan sonra nüvə faktorundan şantaj kimi istifadə etməyə çalışır. Amma, hesab edirəm ki, sonunda nüvə savaşının gerçəkləşməsi mümkün olmayacaq. Çünki, bu həm çətin bir prosedurdur, həm də nüvə silahının işlədilməsi çox ciddi problemlər yarada bilər, hətta həyatı yer üzündən məhv edə bilər.
Bu baxımdan bu addımı atmağı zəruri edəcək şərtlər yoxdur. Həm də bu prosesə imkan verməyəcək mexanizmlər mövcuddur. Nüvə silahı təhdidi Rusiyanın bir manevridir” – deyə Oktay Qasımov vurğulayıb.
Rahib İsgəndərli




