Ceyhun Bayramovla Kanada Xarici İşlər naziri arasında telefon danışığı olub
İyunun 19-da Xarici İşlər naziri Ceyhun Bayramov ilə Kanadanın Xarici işlər naziri Anand arasında telefon danışığı aparılıb.
Bu barədə Qerbxeber.com-a XİN-dən bildirilib.
Qeyd edilib ki, telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub. Kanada xarici işlər naziri həmçinin ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib.
Nazir Ceyhun Bayramov öz növbəsində Kanada nazirini bu vəzifəyə təyinatı münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.




