Hadisə

Bədəni Dəyişmək Qələbədir, Amma Düşüncəni Dəyişmək — Əsl Zəfərdir! -Elnur Nemətovun yazısı

9 oktyabr / 19:16 4 dəq
Elnur123
9 oktyabr / 19:16
Burada sizin reklamınız ola bilər
Bəzən başlayırıq… sonra yoruluruq və yolun yarısında təslim oluruq. Çünki əvvəlcə hər şey alınır kimi olur, sonra bir anda hər şey dağılır. Bəs niyə belə olur?
İllərdir idman sahəsində müəllim və mütəxəssis kimi yüzlərlə insanla çalışmışam və bir həqiqəti görmüşəm:
“Heç kim tənbəl deyil”
Sadəcə, çoxları səhv motivasiya ilə başlayır. Cünki hər kəsin bədəni, məqsədi və daxili enerjisi fərqlidir. Lakin düzgün istiqamət veriləndə — hər kəs bacarır.
Bəs necə düzgün başlamaq lazımdır?
Əvvəlcə məqsədi aydın təyin etmək lazımdır. Əgər məqsəd sadəcə “arıqlamaq”dırsa, bu motivasiya bir neçə həftəyə sönür. Amma məqsəd özünü sevmək, özünü yaxşı hiss etmək və bədəninə sahib çıxmaqdırsa, bu, ömürlük dəyişiklik yaradır.
Ona görə düzgün qidalanma — cəza kimi deyil, özünə hörmət kimi qəbul edilməlidir.
İllərlə “diyet” sözündən qorxduq. Ac qalmaq, məhrumiyyət, sıxıntı kimi gördük onu. Halbuki diyeta — öz bədəninə hörmət etməyin ən saf formasıdır. Bu, cəza deyil. Bu, “mən özümə dəyər verirəm” deməyin ən sakit, amma ən güclü yoludur.

Deməli, bu məsələdə tərəzi yox, zehin rəhbər olmalıdır.

Çox vaxt deyirik: “Mən bacarmıram.” Xeyr, bu belə deyil! Sadəcə, tərəzidəki rəqəmlə yaşadığımız üçün belə düşünürük. Amma rəhbərliyi tərəziyə yox, zehnimizə versək həyata və bədənimizə münasibət tamamilə dəyişəcək. Onda anlayacağıq ki, biz düşündüyümüzdən daha güclüyük.
Bunun üçün qidalanmaya sadəcə “yemək” kimi baxmamalıyıq.

Çünki qidalanma — təkcə enerji deyil, həyat tərzidir.

Bu — intizamdır. Bu — özünə qayğıdır. Bu — səssiz bir “mən dəyərliyəm” ifadəsidir. Təkcə düzgün yeyənlər deyil, düzgün düşünənlər də sağlam olur. Bədən bizi aldada bilər, amma zehnimiz — heç vaxt!

Əsl dəyişiklik çəki ilə deyil, düşüncə ilə başlayır.

Çünki bədən zehnin tabeçiliyindədir. Nə düşünürüksə onu da yaşayırıq. 5 kilo arıqlayırıq, amma daxildən dəyişmirik. Bəzən isə tərəzidə heç fərq olmur, amma zehn dəyişdiyi üçün həyat dəyişir. Və bədən artıq bizə qarşı deyil, bizimlə birgə işləyir. Ona görə də ən böyük nəticə tərəzidə yox, beyində və ruhda formalaşmalıdır.
Bütün bunları bildikdən sonra qalır sadəcə bir addım , “Başlamaq”.
Bir kəlmə “başlayım” demək kifayətdir. Qalanını isə bədən özü öyrədir.
Unutmayaq: Arıqlamaq və sağlam qidalanmaq — özünü cəzalandırmaq və ya modaya uymaq üçün deyil. Əksinə, azad olmaq, bədənimizin borcunu qaytarmaqdır.
İndi özümüzə baxaq və bir anlıq düşünək…
Niyə bəzən hər şey istədiyimiz kimi olmur? Niyə plan qururuq, əlimizdən gələni edirik, amma nəticə yenə də yarımçıq qalır?
Çünki biz çox vaxt dəyişimi kənarda axtarırıq — insanlarda, şəraitdə, şansda… Amma fikirləşmirik ki, bəlkə balanssızlıq elə içərimizdədir. Əgər bədən yorğun, zehin qarışıq, ruh boşdursa – həyat da qarışıq olur. Bədən, zehin və ruh bir sistemdir. Biri pozulanda, digəri də tarazlığını itirir.
Amma biz içəridə balans quranda — hər şey bir anda yerinə düşür: münasibətlər, qərarlar, hətta səssizlik belə mənalı olur.
NƏTİCƏ:
Motivasiyanı qorumaq və gözəl bir dəyişim üçün yanaşmanı, eləcə də məqsədi düzgün seçmək vacibdir. Əgər bədənimizdə balans varsa, həyatımızda da balans yaranacaq.
Hörmətlə: Peşəkar idmançı, sağlam həyat üzrə motivator E.Nemətov

Paylaş
Burada sizin reklamınız ola bilər