Azərbaycanın qərb rayonlarında turizmin inkişafı niyə zəifdir?
ANTALYA'YA HAVAYOLUYLA GELEN TURIST SAYISI GECEN YILIN AYNI DONEMINE GORE YUZDE 13 ARTARAK 6 MILYON 471 BIN 323 OLDU (ANADOLU AJANSI - SEFA KARACAN) (20110808)
Azərbaycanda turistlər yayda əsasən Şəki, İsmayıllı, Şamaxı, Lənkəran, Quba, Qusar, Xaçmaz, Qəbələ rayonlarına üz tutur. Bu rayonlar öz dağlıq əraziləri, meşələri, təmiz havası və digər amillərə görə turistləri cəlb edir. Ölkədəki yüksək kateqoriyalı ictimai iaşə müəssisələri məhz bu rayonlarda yerləşir. Lakin bunlarla yanaşı kifayət qədər təbii resurslara sahib olan Gəncə, Gədəbəy, Daşkəsən, Qazax, Balakən, Zaqatala və digər rayonlarımız da var. Amma bu rayonlar turizm baxımından xeyli geridə qalır. Nədənsə, investorlar bu ərazilərdə yüksək səviyyəli hotel və restoranlar inşa etməyə bir o qədər maraq göstərmir.
“Qərb Xəbər” bildirir ki, Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi “Report”a açıqlamasında bunun səbəblərini izah edib:
“Bakı şəhərindən daha uzaqda yerləşən rayonlarımızda turistlərin sayının az olması nəqliyyat imkanlarının müxtəlifliyi ilə də izah edilə bilir. Hansısa istiqamətdə maqistral yollar bərpa edilib, digər istiqamətdə isə yol dağılıb və ya başqa problemlər var. Öz təbii resursları ilə heçdə digər rayonlardan geri qalmayan Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonları bu gün daha az turist qəbul edir. Yalnız bu ildən sürətli qatarın marşrutunun Gəncədən sonra Ağstafaya qədər uzadılması ümid verir ki, sözügedən iqtisadi regionun turist statistikası artacaq. Bu iqtisadi regionlarda yalnız Naftalan şəhərinin göstəriciləri tamamilə fərqlidir ki, bu da ərazinin məşhur müalicəvi əhəmiyyəti ilə izah edilə bilər. Yalnız Gədəbəy, Daşkəsən, Tovuz, Qazax kimi rayonlar turizm baxımından olduqca geri qalıblar və bu rayonlarda zəif turizm infrastrukturu, yerləşmə vasitələrinin azlıqı müşahidə edilir.
Lənkəran rayonu istiqamətində magistral yolun yenidən təmir edilməsi və onun rahatlığı bu istiqamətdə baş tutan turist səfərlərinin sayına kəskin şəkildə təsir göstərib. Lənkəran və ətraf rayonlara üz tutan yerli və xarici turistlərin sayı artıb”.
S.Dübəndi, turizm infrastrukturunda yol və nəqliyyat imkanlarının olduqca mühüm rol oynadığını vurğulayıb:
“Burada istisna ekstrimal, ekoloji və buna oxşar digər turizm fəaliyyətləri ola bilərlər. Yəni, misal üçün dağa dırmanan turistlər üçün və yaxud meşələrdə, dağlarda gəzintilərə qatılan turistlər üçün yol, ola bilsin ki, o qədər də əhəmiyyət kəsb etmir. Bu kimi turistlər çox da komfort axtarmırlar, onların məqsədləri digər turistlərdən fərqlənir.
Digər tərəfdən, asfalt yolların çəkilməsi hər zaman müsbət hesab edilmir. Asfalt neft məhsuludur, onun ətraf mühitə vurduğu ziyan, biomüxtəlifliyin pozulmasının fəsadları mütləq öncədən ciddi şəkildə qiymətləndirilməlidir. Bu cəhətdən dəmir yolunun inkişafı hər tərəfdən səmərəli hesab edilir. Kənd və əyalətlərdə, təbii ərazilərdə isə çınqıllı yollar çəkilsə, məqsədə uyğun olar”.
Assosiasiya rəhbəri qeyd edib ki, son illər ərzində bir sıra turizm destinasiyalarımızda milli irsin qorunması və bərpası üzrə mühüm işlər aparılır:
“Bu isə imkan verir ki, yeni turist məhsulları ortaya çıxsın, bu istiqamətlərdə mövcud marşrutlar təkmilləşsin. Amma bu işlər daha çox mərkəzləşdirilmiş xarakter daşıyır. Yerli icmaların, bələdiyyələrin öz ərazilərinin inkişafına, turizm imkanlarının yaradılmasına maraqları hələ ki, çox aşağı səviyyədədir. Bunun səbəblərini araşdırsaq, müxtəlif institusional işlərin aparılmasına ehtiyacın olmasını görərik”.
S.Dübəndi hesab edir ki, ölkənin qərb və şimal-qərb zonalarına diqqət artırılmalıdır:
“Bu ərazilərdə turizm ehtiyatlarından daha da səmərəli istifadə etməliyik. Misal üçün Tovuz rayonu çox saylı şərab istehsalı ilə, Şəmkir, Xanlar, Göy-Göl əraziləri təbii resurslarla yanaşı maraqlı tarixi dəyərləri ilə dünyaya açılmalıdır.
Turizm bir növ ideoloji, sosial, mədəni yük daşıyan iqtisadi fəaliyyət sahəsidir. Məhz buna görə qərb rayonlarında daha mükəmməl turizm infrastrukturu qurub, bu ərazilərin digər maraqlı xüsusiyyətlərilə yanaşı buranın qədim Azərbaycan, türk yurdu olmasını dünyaya bir daha nümayiş etdirmək vacibdir”.
Müsahibimiz bildirib ki, bu məsələnin həllində milli parkların da rolu nəzərə alınmalıdır: “Azərbaycanın ümumi ərazisinin təxminən 5 %-ni əhatə edən 10 milli parkı var. Bunlar 2003-cü ildən ölkə Prezidentinin qərarları əsasında yaradılan, xüsusi mühafizə olunan ərazilərdirlər. Bu ərazilərdə ekoturizmin inkişafı prioritet hesab edilir. Əgər milli parklarda ekoturizm, elmi turizm, dağ turizmi, “yaşıl turizm” kimi istiqamətlər inkişaf etsə, bu ətraf yaşayış məntəqələrinin, kəndlərin, qəsəbələrin turizm baxımından inkişafına, o cümlədən sosial-iqtisadi canlanmasına gətirər. Bununla yanaşı həmin ərazilərə məxsus müxtəlif milli irs nümunələri, sənətçilik, mətbəx və digər elementləri turizm fəaliyyətləri üçün istifadə edə bilərik”.




