Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə 1922-ci ildə İstanbula gəldikdən sonra vətənini işğal edən bolşeviklərlə mübarizə məqsədilə “Yeni Kafkasya” jurnalını çap etməyi qərara alır. O, Parisdə yaşayan Ceyhun bəy Hacıbəyliyə yazdığı 15 iyun 1923-cü il tarixli məktubunda qeyd edir: “Bugünlərdə “Yeni Kafkasya” adı ilə bir qəzet çıxarmaq niyyətindəyəm. İştirakınızı arzu edirəm. Hadisələr və məqalələrinizi gözləyirik. Lakin qəzet maddi cəhətdən kasıb olduğundan müəllif haqqı verməkdə acizdir. Gələcəkdə maddi durumumuz güclənərsə, müəllif haqqı da ödəniləcəkdir. Qəzetin adı da yeni düşünülmüş bir şey deyildir. Keçmişdən mövcud olan bir münasib addan istifadə edirik”.
“Yeni Kafkasya” jurnalının ilk sayı 26 sentyabr 1923-cü ildə çap edilir. Rəsulzadə həmin vaxt Türkiyə vətəndaşı olmadığına görə jurnalın sahibi və məsul müdiri ittihadçılarla yaxın əlaqəsi olan, Əli bəy Hüseynzadənin dostu, Qafqaz xalqlarının təmsilçisi, əslən dağıstanlı Seyid Tahir olur. Seyid Tahir 1925-ci ildə şapka qanununa qarşı çıxdığı üçün həbs edilir, buna görə də “Yeni Kafkasya” 52 gün müddətində nəşr olunmur. 6 fevral 1926-cı ildə çap olunan 7-ci saydan etibarən jurnalın məsul müdiri Əhməd Haqqı adlı şəxs olur. Jurnalın 16 noyabr 1924-cü il tarixli sayında ilk dəfə olaraq “Baş mühərriri Rəsulzadə Məhəmmədəmin” qeydi verilir. 6 fevral 1926-cı il tarixli saydan etibarən isə jurnalın sahibinin də Rəsulzadə olması qeyd edilir.
“Yeni Kafkasya” 15 gündə bir nəşr olunan ədəbi, ictimai, siyasi məcmuə devizi ilə çap edilib. 1923-1927-ci illər arasında fəaliyyət göstərən dərginin cəmi 95 sayı dərc olunub. Jurnalda 139 imza ilə yazılar təqdim edilib, 374 imzasız məqalə verilib. Dərgidə Rəsulzadə ilə yanaşı türk dünyasında tanınmış şəxslər olan Zəki Vəlidi Toğan, Ayaz İshaqi, Sədri Məqsudi Arsal, Yusif Akçura, Abdullah Battal Taymas, Seyid Cəfər Krımər və başqalarının də məqalələri yer alıb.
Jurnalda çoxlu imzalar olsa da, əsas yazıları Rəsulzadənin özü yazıb. Ceyhun bəy Hacıbəyliyə göndərdiyi 19 iyul 1925-ci il tarixli məktubunda qeyd edir: ““Yeni Kafkasya” bütün ağırlığı ilə təkcə mənim öhdəmdədir”.
1927-ci ildə SSRİ-nin təzyiqi ilə Türkiyə hökuməti “Yeni Kafkasya”nın nəşrini qadağan edir. Bununla da Azərbaycan mühacirlərinin çap etdiyi ilk jurnal tarixə qovuşur. Həmin ilin sentyabrın 15-də jurnalın sonuncu sayı nəşr olunur.
“Yeni Kafkasya”da “Gültəkin” imzası
“Yeni Kafkasya” jurnalı devizində də qeyd olunduğu kimi, siyasi və ictimai jurnal olmaqla yanaşı həm də ədəbi jurnal idi. Amma jurnalda dərc edilən hekayələr, şeirlər də, əslində, siyasi motivli idi, bolşevik işğalına qarşı dirənişi, vətənin azadlığı uğrunda mübarizəyə çağırışı özündə ehtiva edirdi. Jurnalda 50 şeir dərc olunub. Bunlardan 21-i Gültəkinə aiddir. Digər şeirlər isə Əhməd Cavad, Sənan, Gülsərən, Məsud Səfvət, Nafiə Şükrü, Azərizadə və digərlərinindir.
“Gültəkin” imzası ilə jurnalda (1-ci il, 6-cı say) dərc edilən ilk şeir “Annəmə” adlanır. Gültəkinin digər şeirləri bunlardır: “Ağla gözəl gəlin”, “Qafqaz türküsü”, “Vətənim və eşqim”, “Bayrağım və istiqlalım”, “Moskva”, “Çeka”, “Aldı, getdi”, “Sevgili Bakıya”, “Kommünizm dahisinə”, “Tar səsləri”, “Azəri kommunistinə”, “Qırmızı rus şairinə”, “Əsirlər bəldəsi”, “Buzlu cəhənnəm”, “Canavar”, “Azərbaycan gəncliyinə”, “Azərbaycan istiqlalı”, “Qürbətdə bayram”, “Xalq mahnılarından. Qafqaz türküsü”.
“Yeni Kafkasya”da Gültəkin imzası ilə “İstiqlal şəhidləri” başlığı ilə üç məqalə də dərc olunub. Bu məqalələr bolşeviklərin qətlə yetirdikləri Firudin bəy Köçərli, Piri bəy Mürsəlzadə, İslam bəy Qəbulzadə haqqındadır. Gültəkinin “Yeni Kafkasya” jurnalında çap olunan şeirləri daha sonra 1928-ci ildə İstanbulda “İstiqlal uğrunda” adlı şeir məcmuəsində dərc edilir. 1948-ci ildə isə bu kitabdakı Gültəkinə aid şeirlər Mirzəbala Məhəmmədzadə tərəfindən “Buzlu cəhənnəm” adı ilə nəşr olunur. Amma hər iki kitabda Gültəkinin bioqrafiyası, kimliyi haqqında bilgi verilmir.
Gültəkinin ədəbiyyatşünas Əmin Abid olması ilə bağlı Sovet dönəmində bəzi tədqiqatçılara (Abbas Zamanovun timsalında) bəlli olsa da, onlar mövcud şəraitin diqtəsinə uyğun olaraq bu barədə susmağa məcbur olublar. Yalnız Azərbaycanın yenidən müstəqil olduğu illərdən sonra tədqiqatçılar bu barədə yazmağa başlayıblar. Əmin Abidlə Gültəkinin eyni şəxs olması barədə mülahizələr çox olsa da, konkret mənbələr olmadığına görə tədqiqatçılar bir müddət bu barədə həqiqətə yaxın ehtimal şəklində mülahizələr yürüdüblər. Nəhayət, Əmin Abidin Azərbaycandakı ilk tədqiqatçılarından Əli Şamil Dövlət Təhlükəsizlik Komitəsinin arxivindəki sənədlərə əsasən, onun
Gültəkin təxəllüsü ilə şeirlər yazdığını elmi ictimaiyyətə açıqlayıb.
Daha sonra mühacirətşünas Nikpur Cabbarlı yeni bir sənəd təqdim edib. Əli Şamil bu sənədi məqaləsində dərc edib: “Tam məxfi qrifi altında Zaqafqaziya Dövlət Siyasi İdarəsinin (KQB), Azərbaycan Dövlət Siyasi İdarəsinin və İrandakı SSRİ nümayəndəliyinin yolladığı 971 şifrəli materiallardan rəhbər işçilər üçün 1926-cı il 10 apreldə hazırlanmış 02471 sayla arayışda yazılıb: “Üçüncü ildir Konstontinopolda nəşr olunan antisovet “Yeni Kafkasya” jurnalı Azərbaycan Müsavat Partiyasının siyasi orqanıdır. Jurnalın ilhamvericisi, əsas və faktik redaktoru Məhəmmədəmin Rəsulzadədir….. Jurnalın tirajı 200 nüsxəyə çatır və həftədə iki dəfə çıxır. Jurnalın əməkdaşları:
Rəsulzadə Məhəmməd Əmin (məqalələrin əksəriyyətini yazan odur);
Şəfi Rüstəmbəyov (məqalələr və yazılar verir);
Əhməd Cəfərov (Rus dilindən tərcümələr edir. Hazırda Berlindədir.);
Xəlil Xasməhəmmədov (məqalələr yazır);
Əmin Abid. Azərbaycan Sovet Hökumətinin təqaüdçüsü (Gültəkin ləqəbilə şeirlər yazır);
Osman Xoca (Keçmiş Buxara Respublikasının prezidenti. Türküstan haqqında məqalələr yazır)
(ARSPİHMDA,1926)”.
Əli Şamil məqaləsində qeyd etdiyi başqa bir sənəddə də Əmin Abidin İstanbulda Sovet Azərbaycanı təqaüdçüsü olduğu halda Müsavat Partiyasının tədbirlərinə qatılması ilə bağlı bilgilər verilir: “ARSPİHMDA-da 02450 saylı qovluqdakı Azərbaycan müsavatçılarından bəhs edən başqa bir arayışın “Mədəniyyət komissiyonu” bölməsində yazılıb: “Komissiyaya Axundzadə başçılıq edir, komissiyanın üzvü Nəzər Əlidir (üçüncü üzvü hələlik məlum deyil). Təşviqat işi ayda bir dəfədən çox olmayaraq aparılan iclaslardakı məruzə ilə həyata keçirilir. Burada əsas diqqət gənclərin hazırlanmasına yönəldilir. Azərbaycan SSRİ-nin təqaüdü ilə təhsil alan tələbələrdən Əmin Abid, Tağıyev, Xalf həmin iclaslarda iştirak edirlər. Xüsusilə, Abid fəallıq göstərir. Azərbaycanın təqaüdü ilə təhsil alan tələbələrin düşmənimiz olan Müsavat Partiyasının ideyalarının fəal davamçıları olacağına təəssüf edirəm”.
Mühacirətdə çap olunan kitablarda və mətbu orqanlarda başda Məhəmmədəmin Rəsulzadə, Mirzəbala Məhəmmədzadə, Əhməd Cəfəroğlu kimi şəxslər Gültəkinin şeirləri haqqında yüksək fikirdə olsalar da, onun həqiqi kimliyi və taleyi haqqında bilgi verməyiblər. Hətta Rəsulzadə Gültəkinin şeirlərinə o qədər diqqət göstərib ki, 1953-cü ildə Azərbaycan Cümhuriyyətinin 35-ci ildönümündə “Amerikanın səsi” radiosu vasitəsilə Azərbaycan xalqına səslənərkən sonda Gültəkinin “Azərbaycan istiqlalı” şeirinin son misrasını oxuyub.
Maraqlıdır ki, Əmin Abidin öldürülməsindən sonra çap edilən “Buzlu cəhənnəm” kitabında da həqiqi kimliyi haqqında qeyd verilməyib. Görünür, M.Məhəmmədzadə Abidin Azərbaycana döndükdən sonrakı taleyi haqqında yetərli bilgiyə sahib olmayıb, ona görə də hələ də Gültəkinin kimliyini gizli tutmağa çalışıb. Çünki Mirzəbala Məhəmmədzadə, Əbdülvahab Yurdsevər vaxtilə gizli Müsavat təşkilatının üzvü olan Cəfər Cabbarlı öldükdən sonra onun 27 aprel işğalından sonrakı fəaliyyəti haqqında açıq şəkildə yazmışdılar. Cabbarlı vəfat etdiyinə görə artıq həqiqətləri yazmaqdan çəkinməyi doğru hesab etməyiblər.
Mühacirət mətbuatında Gültəkinin Əmin Abid olmasına dair işarə mühacir pilot, yazar Məhəmməd Altunbay tərəfindən söylənilib. Altunbay “İstiqlal şairi Gültəkin” adlı məqaləsində yazır: “Gültəkin Bakıda doğulub, təhsil üçün Türkiyəyə gəlib. İstanbul Universiteti Ədəbiyyat Fakultəsində təhsilinə davam edərkən gülüstan vətəni Azərbaycan kommunist istilasına uğrayıb. Universitetdəki pedaqogika və ədəbiyyat təhsili müddətində Azərbaycan ədəbiyyatını tədqiq etmiş, xüsusilə, Füzuli ilə oğlu Fəzli haqqındakı elmi araşdırmaları əhəmiyyət daşıyır”.
Altunbay məqaləsində Gültəkinin Azərbaycana döndüyünü də açıq şəkildə yazır: “Vətən həsrətinə dözə bilməyən Gültəkinimiz 1926-cı ildə başqa ad altında Azərbaycana dönür. Fəqət zalım düşmən gizli polisi vasitəsilə 1927-1928 illərdə Vətənin bu böyük millətçi, mücahid övladını həbs edərək Sibirə sürgün edir”.
Göründüyü kimi, Altunbayda Gültəkinin İstanbulda təhsil alması, hətta Azərbaycan ədəbiyyatını tədqiq etməsi, üstəlik Füzuli ilə bağlı elm aləminə yenilik gətirməsi ilə bağlı məlumat olub. Bilirik ki, Əmin Abid Fuad Köprülünün rəhbərliyi altında “Azəri türklərinin ədəbiyyat tarixi” adlı elmi əsərini müdafiə edib. Hazırda İstanbul Universitetinin arxivində saxlanılan bu əsər 21 sentyabr 1926-cı ildə Fuad Köprülü, A.Fikrət və Fərid bəydən ibarət komissiya tərəfindən müdafiə üçün təsdiqlənib. Hətta əlyazmanın üzərində Abid tərəfindən belə bir qeyd yazılıb:
“Köprülüzade Mehmed Beyefendi’ye!
Muhterem Üstadım,
Bu gün kısmen takdim ettiğim ve Bakü’de neşrine ictisar edeceğim Azeri-Türk Edebiyatı Tarihi namındaki eser-i acizimi, Kafkas ve Azerbaycan gençliğinin kalbinde sevimli bir yer tutan mübeccel isminize ithaf etmekle bahtiyarım.
İstanbul-1924
Kafkasyalı Emin Abid”
Altunbayın qeyd etdiyi Füzuli ilə bağlı tədqiqatlara gəldikdə isə məlumdur ki, Məhəmməd Füzulinin “Söhbətül əsmar” əsəri ilk dəfə Əmin Abid tərəfindən aşkar edilib. Gültəkinin Sibirə sürgün edilməsi ilə bağlı Altunbayın qeydinə gəldikdə isə bu yanlış bilgi də bir daha onu göstərir ki, Abid Azərbaycana qayıtdıqdan sonra mühacirlər ondan məlumat ala bilməyiblər. Amma bu, sadəcə ehtimaldır. Çünki Abidin yazılarının yer aldığı Sovet Azərbaycanında çıxan dərgilərin Türkiyəyə bu və ya digər şəkildə çatma ehtimalı da vardı. Amma digər tərəfdən Abid vətənə qayıtdıqdan sonra İstanbuldakı mühacirlər də Türkiyədəki qadağaya görə Avropaya getməli olurlar. Bununla da Abidlə mühacirlər arasındakı əlaqə qırılır.
Vaxtilə Gültəkinlə eyni jurnalda və şeir məcmuəsində şeirləri dərc olunan nardaranlı Əli Usta Volkan bir məqaləsində Gültəkinin repressiyaya uğraması ilə bağlı məlumat verir. “Nə umdular, nə buldular?!” adlı məqaləsində Volkan yazır: “Mircəfər Azərbaycanda illər boyu kommunizm uğrunda minlərlə millətçini öldürdü. Onun qurbanları arasında Gültəkin, Əhməd Cavad, Hüseyn Cavid kimi azəri şairləri də vardı”.
Nəhayət, Əmin Abid həbs edildikdən sonra istintaqa verdiyi ifadələrdə “Yeni Kafkasya” jurnalı ilə əməkdaşlıq etdiyini etiraf edir. Şübhəsiz ki, repressiya dönəmindəki ifadələr, “etiraflar” amansız işgəncələrdən sonra alınırdı. Hətta Abid “etiraflarında” İstanbuldakı Sovet konsulluğu ilə əməkdaşlıq edərək müsavatçılar haqqında bilgi ötürdüyünü qeyd edir.
İfadələrində Abid “Yeni Kafkasya”da şeirlər yazdığını belə etiraf edir:
Sual: Təhsildən əlavə haraya xidmət etmişsiniz?
Cavab: Yalnız oxumuşam, heç kimə xidmət etməmişəm, ancaq bir neçə jurnalla əməkdaşlıq etmişəm. Ən çox Rəsulzadənin çıxardığı “Yeni Qafqaziya” jurnalı ilə əməkdaşlıq etmişəm, hansı ki, 1922-ci ildə Rəsulzadənin Türkiyəyə gəlməsindən sonra çıxırdı.
Sual: Hansı məsələləri yazırdınız “Yeni Qafqaziya” jurnalında?
Cavab: Ən çox şeirlər yazırdım, hamısı hədsiz dərəcədə antisovet və millətçilik məzmununda.
Sual: Konstantinopolda və Türkiyənin başqa şəhərlərində Müsavat üzvlərindən kimlərlə əlaqə saxlayırdınız?
Cavab: Müsavatın lideri Rəsulzadə ilə əlaqə saxlayırdım, belə ki, o, Müsavat Partiyasını burada təşkil etmişdi və “Yeni Qafqaziya” jurnalının redaktoru idi. Rəsulzadənin evində iclaslarda məndən başqa hansı azərbaycanlıların olduğunu dəqiq xatırlamıram. Müsavat Partiyasının üzvlərinə, mühacirlərə Rəsulzadənin millətçilik ruhunda məruzə etdiyi xatırımdadır, bu iclasda Əhməd Cəfər (oğlu), Əmircanov, İskəndər, Şəfi bəy, Səlimi və b. iştirak edirdi.
Gültəkinin Əmin Abid olduğunu isbatlayan yeni sənəd
Azərbaycan Cümhuriyyətinin işğalından sonra İstanbula mühacirət edən siyasilərdən biri də
parlamentin üzvü, Müsavat Partiyasının qurucularından Abbasqulu Kazımzadə olur. A.Kazımzadə 1920-ci illərin əvvəllərində İstanbulda Bəyaziddə “Azərbaycan” adlı kırtasiyyə (dəftər-kitab) mağazası açır. Vaxtilə Bakıda Qulamrza Şərifzadə ilə birlikdə nəşriyyat, mətbəə işləri ilə məşğul olduğu üçün Kazımzadə bu sahəni bilirdi, ona görə də həm dolanışıq üçün, həm də çap etdikləri jurnalları, bülletenləri, açıqcaları satmaq üçün bu mağazadan istifadə edirlər. Mağaza həmçinin mühacirlərin məktublaşdığı və bir araya gəldikləri məkan olur. M.Rəsulzadə Polşadan Abbasqulu bəyə göndərdiyi məktublarda da bu ünvanı qeyd edir.
Eləcə də, digər mühacirlər bir-biri ilə məktublaşarkən bu ünvandan istifadə ediblər. Nəticədə Kazımzadənin mağazasında geniş bir arxiv formalaşıb. Abbasqulu bəyin vəfatından və ya mağaza bağlandıqdan sonra buradakı arxiv müxtəlif şəxslər tərəfindən mənimsənilib, ən nəhayət, bir qismi İstanbulda yaşayan bir bukinistin əlinə keçib. Bir təsadüf nəticəsində tanış olduğumuz həmin şəxsdən 4 ilə yaxın müddətdə arxivi hissə-hissə satın alaraq Azərbaycan mühacirət tarixinə yeniliklər qazandırdıq, nəticədə “Mühacirlərin dönüşü”, “Bir ildən yüz ilə” kitabları ərsəyə gəldi. Bu yaxınlarda həmin “Azərbaycan” mağazasının arxivindən “Yeni Kafkasya” dərgisinə göndərilmiş iki açıqca əldə etdik. Açıqcalardan biri “Yeni Kafkasya”nın idarəxanasına Məhəmmədəmin Rəsulzadənin adına göndərilib. Məktubun sonunda isə Ə.Abid imzası qoyulub.
Açıqca 19 Oktyabr 1924-cü ildə Buxarestdən göndərilib, 12 Noyabr 1924-cü ildə İstanbula çatıb.
Şəxsi arxivimizdə olan, türkoloq Mehdi Gəncəlinin ərəb qrafikasından latın qrafikasına transliterasiya etdiyi həmin məktubu təqdim edirik:
Bükreş, 8 Teşrin-i evvel [Ekim] 1924
Muhterem Emin Bey
On gün Romanya’nın muhtelif şehirlerini gezdikten sonra Bükreş’e geldik. Burada hiç rahat ettiğimiz yoktur. Sabahtan akşama kadar muhtelif müessesatı geziniyoruz. İki gün sonra Silistre’ye hareket edeceğiz. Dobruca İslamları bir heyet göndererek bizi davet ettiler. Seyahatimize Romanya hükûmeti çok ehemmiyet veriyor ve her yerde bizim seyahatimize siyasi bir elbise giydirmeye çalışıyor. Hatta siyasetimizi Peşte’ye kadar temdit etmekten vaz geçmemize çok ceht sarf ediyorlar. Mamafih, bizi her yerde fevkalâde bir surete istiskal ediyorlar.
Baki hürmetlerimi takdim eder, …. Ahmet ve Mustafa beylere selamımı tebliğ rica ederim.
E. Abid
Constantinople
Çarşıkapı’da Kandilli sokakta 5 numerolu hanede, “Yeni Kafkasya” idarehanesinde Resulzade Muhammed Emin Bey’e takdim olunsun.
İstanbul
Abid imzası ilə qeyd olunan və Gültəkinin şeirlərinin dərc olunduğu “Yeni Kafkasya” jurnalınının redaksiyasına göndərilən bu məktubdakı bilgilər bir daha Əmin Abidlə Gültəkinin eyni şəxs olduğunu göstərir. Məlumdur ki, Abid Azərbaycan ədəbiyyatı ilə bağlı yazdığı elmi tədqiqat işi ilə bağlı İstanbul, Qəzvin, Ərzurum, Qars şəhərləri ilə yanaşı Vyana və Budapeştə də gedib. Məktubdan aydın olur ki, Abidin səyahəti Peştəyə qədər uzanacaqmış, buna isə mane olmağa çalışırlar. (Məlumdur ki, Macarıstanın paytaxtı Budapeşt şəhəri 1873-cü ildə Dunay çayının şərqində yerləşən Peşt, qərbində yerləşən Buda şəhərlərin birləşməsindən yaranıb. Abidin səyahəti Peşt hissəsinə olub) Budapeştə çatmadan öncə Abid 10 gün müddətində Rumıniyanın müxtəlif şəhərlərində gəzib, nəhayət, paytaxt Buxarestə gəlib. Burada dincəlməyə imkanları olmayıb, müxtəlif yerləri gəziblər. İki gün sonra isə Bolqarıstanın Silistre şəhərinə hərəkət ediblər.
Məktubun mətnindən aydın olur ki, Əmin Abid səyahətə bir heyətlə gedib. Dobrucada yaşayan müsəlman türklər heyəti müsafir ediblər. Rumıniya hökuməti heyətin səyahətinə ciddi əhəmiyyət verib, izləyib, siyasi don geyindirməyə çalışıb, Budapeştə getmələrinə mane olmağa cəhd edib. Məktubunun sonunda Abid Əhməd və Mustafa bəylərə salam göndərib. Böyük ehtimalla bu şəxslər həmin dönəmdə Rəsulzadənin yanında olan Əhməd Cəfəroğlu və Mustafa Vəkiloğludur. Abidin salam göndərdiyi digər şəxsin adını isə oxumaq mümkün olmadı.
Beləliklə, şəxsi arxivimizdə yer alan Əmin Abidin Rəsulzadəyə göndərdiyi məktub onun Azərbaycan ədəbiyyatı ilə bağlı tədqiqat aparmaq üçün Budapeştə gedərkən Rumıniyada qaldığı müddətdə göndərilib. Rəsulzadəyə hesabat xarakterli bu məktub iki şəxsiyyətin olduqca yaxın münasibətdə olduğunu göstərir. Hətta onların qohum olmaları barədə də ehtimallar mövcuddur. Məktubun “Yeni Kafkasya” idarəxanasına göndərilməsi də Abidin Gültəkin olduğunu bir daha isbat edir. Çünki Abidin jurnalda çap olunan şeirlərinin altında ünvan olaraq Qəzvin, Qars, Ərzurum şəhərləri qeyd olunub. Aydın olur ki, Abid bu şəhərlərdə tədqiqat apararkən Gültəkin imzası ilə şeirlərini “Yeni Kafkasya”ya göndəririb. Bu baxımdan Rumıniyadan məlumatı da eyni ünvana göndərib.
Qaynaqlar:
1. Adem Can. ““Yeni Kafkasya” Mecmuası””. “Bilig”. Bahar. 2007. 41-ci say. səh: 109-122
2. Ali Şamil Hüseyinoğlu. Azerbaycan Edebiyatı Tarihinin Yeni Metotla Yazılmasında Emin Abid’in Rolü. “Bilig”. Kış. 2012. 60-cı say. S: 169-191
3. Ali Volkan. “Ne umdular, ne buldular?!”. “Kuzey Kafkasya” dərgisi, İl 2, say 11-ci say. Fevral-mart. 1972.
4. Bədirxan Əhmədov. “Bir istiqlal yolçusu. Əmin Abid. Həyatı, mühiti, yaradıcılığı”. Bakı, 2003. Səh: 41-42.
5. Dilqəm Əhməd. “Mühacirlərin dönüşü”. Bakı, 2017.
6. Əli Şamil. “Gültəkin imzasının Ə.Abidə məxsus olduğunu təsdiqləyən yeni sənədlər”. “Ədəbi nəzəri məcmuə” I kitab, AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Bakı, 2003, səh.199-207.
7. Əli Şamil. Gültəkin Əmin Abiddirmi? “Ulduz” jurnalı. Sayı 5-6. 1999. Səh.81-86
8. Mehmet Altunbay. “İstiklal şairi Gültekin”. “Mücahit” dərgisi, 29-cu say, 1960.
9. Resulzade M.E. “Yeni Kafkasya Yazıları (1923 – 1927)”. Səh: 27-28, Ankara, 2017.
10. Rəsulzadə M. “Məktublar.Şəfibəyçilik”. Səh: 22, Bakı, 2017.
11. Əmin Abidin Rəsulzadəyə göndərdiyi 8 oktyabr 1924-cü il tarixli məktubu. (Özəl arxivimizdən)