Avropa Birliyi Moldova, Gürcüstan və Ukraynanı quruma qəbul edə bilər – İclasda müzakirəyə çıxarılacaq
Avropa Birliyi Şurası Avropa Komissiyasına Ukrayna, Gürcüstan və Moldovanın Birliyə üzvlüklə bağlı müraciətlərinin qiymətləndirilməsini təqdim etməyi tapşırıb.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə cümə günü Avropa Birliyinin dövlət və hökumət başçılarının Versalda keçirilən qeyri-rəsmi sammitinin birinci gününün yekunları üzrə qəbul edilmiş bəyanatda deyilir.
“Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına daxil olmaq üçün ərizəsini təqdim etdi. Aİ Şurası çevik hərəkət edərək müqavilələrin müvafiq müddəalarına uyğun olaraq Komissiyanı bu ərizə ilə bağlı rəyini təqdim etməyə dəvət edib”, – deyə məlumatda qeyd olunub.
Birlik Ukrayna ilə əlaqələri gücləndirməkdə davam edəcək.
“Şura komissiyaya Moldova Respublikası və Gürcüstanın müraciətləri üzrə öz nəticələrini təqdim etmək tapışırıb”, – sənəddə deyilir.
Avropa Birliyinin dövlət və hökumət başçıları Rusiyanın bu ölkədəki hərbi əməliyyatını dayandırdıqdan sonra Ukraynanın bərpasına yardım etməyə hazır olduqlarını bəyan ediblər.
“Birliyə üzv olan ölkələr koordinasiyalı şəkildə siyasi, maliyyə, humanitar yardım göstərməyə davam edəcək. Biz Rusiyanın hücumu başa çatdıqdan sonra demokratik Ukraynanın bərpasına kömək etməkdə qərarlıyıq”, – deyə Avropa liderləri Versal sammitinin ilk gününün yekunlarına dair bəyanatda bildiriblər.




