ATƏT Parlament Assambleyası Gürcüstanla bağlı qətnamə qəbul edib
ATƏT-in Parlament Assambleyası tərəfindən qəbul edilən “Porto Bəyannaməsi və Qətnamələri” Gürcüstanla bağlı “Gürcüstanda demokratiyanın və ATƏT dəyərlərinin dəstəklənməsi haqqında qətnamə”ni də özündə ehtiva edir.
Qerbxeber.com Aktual.ge-ə istinadla xəbər verir ki, qətnaməyə əsasən ATƏT:
- 2024-cü il 26 oktyabr tarixində Gürcüstanda keçirilmiş parlament seçkilərinin gedişi ilə bağlı dərin narahatlığını ifadə edir; ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası seçki prosesində çoxsaylı pozuntular aşkarlamışdır;
- Seçki prosedurlarının pozulmasından və administrativ resurslardan misli görünməmiş miqyasda istifadə edilməsindən narahatdır ki, bu da Gürcüstanda seçki prosesinin azadlıq və bərabərlik prinsiplərini və nəticələrin legitimliyini sarsıdır;
- Avropa və demokratik gələcək naminə mübarizə aparan dinc etirazçılara qarşı qeyri-proporsional güc tətbiqini pisləyir;
- Jurnalistlərin, fəalların və müxalifət siyasətçilərinin həbsi və siyasi motivli təqiblər səbəbilə narahatdır;
- Gürcüstan hakimiyyətinin “xarici agentlərin qeydiyyatı”, “radio və televiziya” və “qrantlarla bağlı” yeni qanunları qəbul etməklə öz hakimiyyətini möhkəmləndirmək üçün bütün mümkün vasitələrdən istifadə etməsinə görə məyusluğunu ifadə edir;
- Gürcüstandakı vəziyyətin daha da pisləşdiyini və hakimiyyətin Avropa inteqrasiyası yolundan getdikcə uzaqlaşdığını qeyd edir;
- Avropa İttifaqına qarşı artan mənfi ritorikaya və onun tamamilə yolverilməz kimi təqdim olunmasına görə dərin narahatlığını bildirir;
- Rusiya Federasiyası və Çinlə əlaqələrin gücləndirilməsinin Gürcüstanın bəyan edilmiş Avropa istəkləri fonunda narahatlıq doğurmasından ciddi şəkildə narahatdır.
ATƏT Parlament Assambleyası:
Gürcüstan hakimiyyətinə çağırış edir ki:
a. Vəziyyəti yumşaltsın və mövcud durumdan çıxış yolu tapmaq, eləcə də Gürcüstan demokratiyasına ictimai etimadı bərpa etmək üçün bütün maraqlı tərəflərlə milli dialoqa başlasın;
b. Dinc etirazçılar, siyasətçilər və media nümayəndələrinə qarşı zorakılıqdan çəkinərək toplaşma və ifadə azadlığı hüququna hörmət etsin;
c. Avropa İttifaqına inteqrasiya yoluna qayıtsın;
Gürcü xalqının Avropaya yönəlmiş istəklərini dəstəkləməyə, demokratik dəyərlərə sadiqliyini nümayiş etdirməyə və ölkəsinin gələcəyini Avropada görmək niyyətini dəstəkləməyə davam edir;
Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiqləyir;
Rusiya Federasiyasına çağırış edir ki, Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin müstəqil dövlətlər kimi tanınmasını ləğv etsin, Avropa İttifaqının vasitəçiliyi ilə 2008-ci ildə əldə olunmuş atəşkəs razılaşmasını həyata keçirsin və bu bölgələrin hərbiləşdirilməsini və Gürcüstanın qalan hissəsindən zor tətbiqi ilə ayırmaq cəhdlərini dayandırsın.




