Arıqlama iynələri: asan yol, yoxsa müvəqqəti çıxış?-Elnur Nemətovun yazısı
Son dövrlərdə arıqlama iynələri sürətli nəticə vəd etdiyi üçün çoxlarının diqqətini cəlb etməyi bacarıb.
Sosial şəbəkələrdə “tez arıqladım”, “iştaham kəsildi”, “indi özümü bəyənirəm” kimi fikirlərə artıq tez-tez rast gəlirik.
Amma burada vacib bir sual ortaya çıxır: arıqlamaq üçün həqiqətən çıxış yolu budur, yoxsa sadəcə qısa yol seçərək özümüzü aldadırıq?
Gəlin baxaq, bu iynələrin rolu nədir və təsir dairəsi hara qədər uzanır.
Bu iynələr əsasən bədən kütlə indeksi yüksək olan, 2-ci tip şəkərli diabet diaqnozu qoyulmuş və ya iştaha nəzarəti ciddi şəkildə pozulmuş şəxslərdə istifadə olunur.
Onların əsas rolu bədəndə toxluq siqnallarını gücləndirərək iştahanı azaltmaqdır.
Bəli, hər şey ilk baxışda ideal görünür. Lakin daha vacib bir detal var: biz əslində dəyişmirik, sadəcə hisslərimiz idarə olunur.
Bu necə baş verir?
Araşdırmalar göstərir ki, bu cür iynələr səbəbi yox, nəticəni idarə edir.
Düzdür, iştahamız azalır, qida qəbulu məhdudlaşır və qan şəkərinin stabilləşməsinə kömək edir.
Yəni beyinə “doymuşam” siqnalı daha tez ötürülür, mədənin boşalma sürəti yavaşlayır və nəticədə daha az qida qəbul edirik.
Lakin qidalanma vərdişlərimiz dəyişmir, həyat tərzimiz formalaşmır və problemin kök səbəbi hec də aradan qalxmır.
Yəni bu qısa müddətdə çəki azalmasına səbəb olsa da, əsas sual yenə də dəyişmir.
Bu effektin davamiyyəti nə qədərdir və lazım olan nəticəni əldə etmək üçün bundan başqa çıxış yolu yoxdurmu?
Hə… gəlin məsələyə bir az daha dərindən baxaq.
Bu iynələrin təsir dairəsi hara qədər uzanır?
Müşahidələr göstərir ki, iynəni dayandırdığımız andan bədən öz təbii mexanizminə qayıdır.
Sadə misalla izah edək: sanki uzaq bir məsafəni avtomobillə qət edirik. Yorulub idarəetməni avtopilota veririk . Maşın gedir, amma sürəti və istiqaməti artıq biz yox, sistem özü (avtopilot) idarə edir.
Avtopilotu söndürən kimi isə idarəetmə yenidən özümüzə qayıdır. Əgər biz buna hazır deyiliksə, balansı qorumaq çətin olur.
Eyni ilə bu iynələrdə də belədır: iştaha azalır, hər şey nəzarətdə kimi görünür, amma idarə bizdə yox, dərmandadır.Yəni istəyimizi biz yox, dərman idarə edir.Təsiri bitdisə, iştah yenidən artır. Metabolizm əvvəlki rejimə keçir və qeyd etdiyimiz kimi, əgər bu müddətdə qidalanma davranışınız dəyişməyibsə, bədən yenidən əvvəlki mexanizmə qayıdır və iştah artaraq özünü daha güclü şəkildə göstərir, çəki geri qayıdır.Buna bədənin “öz balansını qoruma” reaksiyası deyilir.
Bəzən bu iynələri özbaşına istifadə edənlərə də rast gəlinir.
Onu da qeyd etmək lazımdır ki, bu iynələri tam zərərsiz hesab etmək bir qədər şübhəlidir.
Çünki uzunmüddətli istifadə hormonal tənzimləmə mexanizmlərinə təsir edir.
Həmçinin ürəkbulanma, həzm problemləri, iştahanın həddindən artıq azalması, hətta bəzi hallarda pankreas və öd kisəsi ilə bağlı risklər də müşahidə oluna bilər.
Bunu xüsusi qeyd etmək lazımdır ki, bu cür iynələrin istifadəsi mütləq həkim-endokrinoloq nəzarəti altında həyata keçirilməlidir.
İndi gəlin özümüzlə biraz səmimi olaq .Saglam şəkildə arıqlaya bildiyimiz halda bizə bu lazımdırmı?
Bəs onda sual yaranır: əgər sağlam qidalanma ilə arıqlamaq mümkündürsə, niyə iynəni seçirik?
Həə… Cavab çox sadədir: çünki çətin olanı deyil, asan görünəni seçirik.
Yəni nəticəni tez görmək istəyirik , lakin prosesi yaşamaq istəmirik.
Amma reallıq çox vaxt tam əksini deyir: asan görünən yol, çox vaxt ən uzun yol olur.Bəs onda necə edək?
Beynəlxalq təcrübə göstərir ki, uzunmüddətli və stabil nəticə üçün 3 əsas faktora fokuslanmaq lazımdır:Birincisi — davranış dəyişikliyidir.İnsan nə yediyini yox, niyə yediyini anlamalıdır. Stress, darıxmaq və müxtəlif pis vərdişlər həll olunmadan əldə olunan nəticənin qalıcı olması sual altındadır.İkincisi — şüurlu qidalanmadır.Hazır siqnallara öyrəşən beyin zamanla özünü tənzimləmə qabiliyyətini itirə bilər.Ona görə də beyin toxluq siqnalını özü hiss etməyi “öyrənməlidir”. Bu isə iynə ilə yox, təcrübə, düzgün yanaşma və ya mütəxəssis dəstəyi ilə formalaşır.
Üçüncüsü — sabit sistemdir.
Orqanizm təhlükə hiss etməməlidir. Əks halda bədən hər arıqlamanı “itki” kimi qəbul edir və çəkini geri toplamağa başlayır.
Deməli, iynənin təsir dairəsi sadəcə fizioloji siqnallarla məhdudlaşır, davranış və sistem səviyyəsinə keçmir.
Hə, hardasa müəyyən hallarda faydalı ola bilər, amma bu müstəqil həll sayılmır.
Əslində məsələ iynənin işləyib-işləməməsi deyil…
Əsas sual budur: biz dəyişə bilmişik, yoxsa sadəcə iştahamız azalıb?
Bax əsl dəyişiklik bu sualın cavabında gizlənir.
Əgər iynə ilə yanaşı gündəlik seçimlərimizdə və vərdişlərimizdə müstəqil dəyişiklik baş verməyibsə, çəkidəki azalma müvəqqəti olacaq.
Sonda isə bunu sadəcə əlavə vaxt və maliyyə itkisi kimi qiymətləndirmək məcburiyyətində qalacağıq.
İndi qərarı siz verin: həqiqi dəyişiklik gündəlik vərdişlərdə başlayır, yoxsa iynələrdə?
Hörmətlə.





