Arıqlamada yol verilən səhvlər- ELNUR NEMƏTOVUN yazısı
Son dövrlər mənə çoxlu müraciətlər olur – demək olar ki, hər kəs arıqlamaq istəyir, amma əksəriyyəti yanlış diyet saxladığını anlamadan sadəcə “düz edirsən” təsdiqini gözləyir.
Əslində, bu, tamamilə təbiidir – hər kəs yolun başında dəstək və motivasiya axtarır. Amma mənim məqsədim təkcə təsdiq etmək deyil, düzgün məlumatla kömək etməkdir.
Çünki yanlış yanaşma bədəni gücləndirmək əvəzinə zəiflədir, nəticəni isə ya ləngidir, ya da tamamilə geri aparır.
Bu yazıda ən çox edilən səhvlərə qısa şəkildə toxunaraq, həm suallara cavab vermək, həm də doğru istiqaməti göstərmək istəyirəm.
Arıqlamaq istəyəndə ən cox yol verdiyimiz səhvlər.
Arıqlamaq mövzusu çoxumuzu düşündürür. Bu haqda ədəbiyyatlarda və elmi məqalələrdə tez-tez məlumatlara rast gəlirik. Çoxumuz zahiri görünüşümüzə görə, bəzilərimiz həkimin tövsiyəsi ilə məcbur, digərlərimiz isə sadəcə özümüzü daha yüngül və enerjili hiss etmək üçün bu yola çıxırıq.
Amma arıqlamaq mövzusunda kifayət qədər düzgün elmi məqalələr və sosial paylaşımlar olsa da, arıqlamağa başlayanda bir çoxumuz eyni səhvləri təkrarlayırıq. Bu səhvlər isə bizi nəticədən uzaqlaşdırır, hətta bəzən əksinə, çəkimizi artırır.
Gəlin baxaq, bu mövzuda ən çox buraxılan yanlışlıqlar hansılardır.
Çox vaxt düşünürük ki, yeməyi azaltsaq, gündə cəmi bir dəfə yesək və ya ümumiyyətlə heç yeməsək, üstəlik bir az da muşqulatla özümüzü aldatsaq, yaxşı çəki itirərik.
Halbuki bu, çox səhv yanaşmadır. Çünki bədən çox ağıllıdır. Qida qəbul olunmadıqda o, özünü qoruma rejiminə keçir, metabolizmanı yavaşladır və yağları depolayır. Çünki gələcəkdə aclıq yenidən ola bilər deyə ehtiyat toplamağa başlayır. Nəticədə, bədən sadəcə əzələ itirir, enerjimiz azalır. Normal qidalanmaya qayıtdıqda isə bədən “ehtiyat üçün” daha çox yağ yığır. Yəni ac qalmaq, arıqlatmaq əvəzinə kökəldir.
Növbəti böyük səhv isə yalnız idmana güvənməkdir.
Bəli, idman çox vacibdir – qan dövranını yaxşılaşdırır, əhvalı yüksəldir, əzələ kütləsini qoruyur. Amma arıqlamanın əsas açarı idman deyil. Düzgün qidalanma olmadıqda idman sadəcə yorğunluq gətirir, nəticə isə gözlənildiyi kimi olmur. Çünki qəbul etdiyimiz qida, idmanda yandırdıqlarımızdan qat-qat çox ola bilər. Məsələn, bir dilim tortun kalorisi bəzən bir saatlıq qaçışa bərabərdir. Real həyatda isə hər gün saatlarla idman etməyi çox az adam bacarır. Buna görə də düzgün qidalanma planı olmadan təkcə idman arzu olunan nəticəni vermir.
Digər bir yalnışlıq isə su qəbulunun kifayət qədər olmamasıdır. “Su içsəm, şişərəm” kimi miflər bizi aldadır.
Əksinə, su bədəndə yağların parçalanmasını sürətləndirir, qanın təmizlənməsinə kömək edir, metabolizmanı aktiv saxlayır. Yetərli su içməyən insan daim yorğun, halsız olur və arıqlama prosesi dayanır. Gün ərzində kifayət qədər su qəbul etmək arıqlamanın sadə, amma çox təsirli şərtidir. Amma burada miqdar çox önəmlidir. Çünki bədənimiz suyu yalnız birbaşa içdiyimizdən deyil, həm də salatlardan, tərəvəzlərdən, şorbalardan və digər qidalardan alır. Buna görə də suyu həddindən artıq içmək də düzgün deyil. Ən sağlam yanaşma – orqanizmin ehtiyacına uyğun, balanslı şəkildə su qəbul etməkdir.
Elmi araşdırmalar və nüfuzlu mənbələr bildirir ki, gündəlik maye ehtiyacı həm içilən su, həm də qidalardan gələn su ilə qarşılanır. Yəni tərəvəz, şorba və digər maye tərkibli qidalar gündəlik maye balansına daxil edilir. Ona görə də gündəlik maye ehtiyacını hesablayarkən həm içilən su, həm də qidalardan gələn su nəzərə alınmalıdır ki, bədən üçün təhlükəsiz və balanslı miqdar təmin edilsin.
Sonuncu səhv isə qısamüddətli “möcüzə dietalara” inanmaqdır. Məsələn: “3 günə 5 kiloqram”, “limonla arıqlama”, “yalnız kartof pəhrizi”, “zəncəfil suyu” və s. kimi heç nəyə əsaslanmayan, heç bir real nəticə verməyən diyetlər. İnsan belə diyetlərlə müvəqqəti çəki itirə bilər, amma normal yeməyə qayıdanda itirdiyindən də çoxunu geri alacaq. Çünki itirdiyi artıq piy yox, əzələ kütləsidir. Buna “yo-yo effekti” də deyirlər. Yəni çəkini tez atıb tez də geri almaq.
Bütün bunları nəzərə alaraq demək olar ki, arıqlamaq qısa bir yarış deyil, uzun bir marafondur. Bu yolda səbir, ardıcıllıq və düzgün yanaşma lazımdır. Ən önəmlisi isə məqsədi sadəcə çəki itirmək kimi görməməkdir. Çünki məqsəd – sağlam, enerjili və rahat bədənə sahib olmaqdır.
Tövsiyə:
Arıqlamanın sirri möcüzə deyil, həyat tərzi dəyişikliyindədir. Əgər biz doğru addımlarla getsək – balanslı qidalanmanı, müntəzəm hərəkəti və su qəbulunu həyatımıza daxil etsək – real və sağlam nəticələr əldə edə bilərik. Bu zaman sürətli arıqlama bədənə zərər verməz, əksinə, onu gücləndirər. Və ən əsası, nəticə qalıcı olar.




