Ərdoğan-Paşinyan danışıqları nə vəd edir?
Ermənistan Baş naziri Nikol Paşinyanın təşəbbüsü ilə onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Telefon danışığında hər iki tərəf Ermənistan və Türkiyə xüsusi nümayəndələri arasında əldə olunan razılaşmaların yaxın vaxtlarda həyata keçiriləcəyinə ümidlərini ifadə ediblər.
İki ölkə lideri münasibətlərin normallaşması prosesinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, bu, regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək. Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə, Ərdoğan isə öz növbəsində Paşinyanı Vardavar bayramı ilə əlaqədar təbrik ediblər.
“Qərb Xəbər”in məlumatına görə telefon danışığını Qaynarinfo-ya şərh edən siyasi şərhçi Fərhad Məmmədov bildirir ki, Türkiyə-Ermənistan danışıqları hərəkətə keçmə mərhələsinə qədəm qoyub:

“Bu danışıqlardan öncə hər iki tərəfin xüsusi nümayəndələrinin iştirakı ilə Vyanada növbəti görüş keçirildi. Digər görüşlərdən fərqli olaraq orada kiçik miqyaslı olsa da, müəyyən qərarlar qəbul edildi. Proses göstərir ki, artıq Türkiyə-Ermənistan danışıqlarında hərəkətə keçmək mərhələsinə qədəm qoyulub. Ərdoğanla Paşinyan arasında danışıqlarda da əsas mövzu məhz bu idi”.
Həmsöhbətimizə görə, danışıqlarda real nəticənin əldə olunması bütün hallarda İrəvanın Bakı ilə dil tapmasından keçir:
“Maraqlısı odur ki, birbaşa iki ölkə vətəndaşlarına deyil, üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması razılığına gəldilər. Bu kifayət qədər maraqlı məqam oldu və Ermənistanın sırf tranzit funksiyasını həyata keçirməsilə bağlı idi. İrəvan danışıqları “şərtsiz danışıqlar” prosesi kimi dəyərləndirsə də, hamı gözəl anlayır ki, danışıqlarda real irəliləyişlərin olması, ümumiyyətlə bütün problemlərin aradan qaldırılması üçün Ermənistan Azərbaycanla dil tapmalıdır. Xüsusən də sülh müqaviləsinin imzalanması baş verməlidir. Bu məqam prosesin irəli getməsi üçün əsas şərt olaraq qalır. Ankara da öz növbəsində İrəvana nümayiş etdirir ki, sərhədlərin açılması texniki baxımdan rahat həyata keçirilə biləcək bir məsələdir. Lakin İrəvanın Bakı ilə dil tapmaması səbəbindən hələ tam olaraq açmır”.
Hər halda ekspert düşünür ki, Ermənistan üçün yeni fürsət yaranıb:
“Ermənistanı belə addımlara təhrik etmə prosesi gedir ki, o Azərbaycanla danışıqlarda daha konstruktiv mövqe sərgiləsin”.
Rüfət Sultan




