Dünən Sülh naminə Əməkdaşlıq Koalisiyasının təşəbbüsü ilə “DQ münaqişəsinin həlli: Maneələr və imkanlar” adlı dəyirmi masa keçirilib.
“Bölgənin Səsi” saytının məlumatına görə, koalisiya üzvləri adından tədbir iştirakçılarını salamlayan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova koalisiyanın sülhyaratma fəaliyyəti ilə bağlı məşğul olan təşkilatların birgə fəaliyyəti üçün ciddi addım olduğunu qeyd edib.
Tədbirin moderatoru Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov koalisiya üzvlərini təqdim edərək, indiki tədbirin koalisiya adından ilk belə təşəbbüs olduğunu vurğulayıb.
Helsinki Vətəndaş Assabmleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva isə Qarabağda sülhə necə nail olunması ilə bağlı fikirlərini bölüşüb və vətəndaş cəmiyyətinin həyata keçirdiyi təşəbbüslərdən danışıb.
Ermənistan – Azərbaycan Vətəndaş Sülh Platformasının koordinatoru Dilarə Əfəndiyeva öz məruzəsində Azərbaycan və Erməni xalqları arasında sülhün və xalqları sülhə hazırlamağın vacibliyi barədə fikirlərini bölüşüb.
Daha sonra “3-cü baxış” Beyin Mərkəzinin rəhbəri Rauf Rəcəbov Xalqların sülhə hazırlama prosesində dərslik və təhsildə başlanmalı olan «fərqli – özgə – düşmən» obrazından «fərqli – qonşu – dost» obrazına keçid barəsində məruzə ilə çıxış edib.
Müstəqil jurnalist Şahin Rzayev Ermənistanda məxməri inqilabdan sonra informasiya cəbhəsinin strategiyası və hansı dəyişikliklərin olması barədə fikir mübadiləsi aparıb.