Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 01 fevral 2022-ci il tarixdən etibarən icra olunan “Zəfər kuboku” intellektual turniri layihəsi çərçivəsində intellektual yarışlara 09 mart 2022-ci ildə start verilib.
“Qərb Xəbər”in məlumatına görə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin tərəfdaşlığı ilə Qazax Gənclər Evində keçirilən yarışın ilk günündə “A” qrupunun oyunları baş tutub. “Nə? Harada? Nə zaman?” formatı üzrə təşkil olunan yarışda 23 komandanın heyətində 115 nəfər şagird və tələbə mübarizə aparıb. Səsləndirilən 20 suala ən çox cavab verən 7 komanda – “Scorpions” (BDU Qazax filialı), “Qarabağ” (Daş Salahlı kənd A.Əmilov adına 1 saylı tam orta məktəb), “Team-108” (Qazax şəhər S.Əfəndiyev adına 1 saylı tam orta məktəb), “Sirius” (Ürkməzli kənd S.Nəsirov adına tam orta məktəb), “Mono” (BDU Qazax filialı), “Ulduz” (Qaymaqlı kənd A.Məmmədov adına tam orta məktəb) və “F4T” (“Effort”- müstəqil) komandaları 11 mart tarixində təşkil olunacaq yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Yarışın ikinci günündə – 10 mart 2022-ci il tarixdə – “B” qrupunun oyunları baş tutub. “Nə? Harada? Nə zaman?” formatı üzrə təşkil olunan yarışda 21 komandanın heyətində 105 nəfər şagird və tələbə mübarizə aparıb. Səsləndirilən 20 suala ən çox cavab verən 8 komanda – “Vadi” (Qazax şəhər M.Hüseyn adına məktəb lisey), “Mübariz” (BDU Qazax filialı), “Nicat” (Cəfərli kənd M.Dilbazi adına tam orta məktəb), “Dəli Kür” (Sarıvəlli kənd Ş.Nəsibova adına tam orta məktəb), “Uğur” (Kosalar kənd İ.Şıxlı adına tam orta məktəb), “Hermes” (BDU Qazax filialı), eləcə də, müstəqil “Dejavu” və “Məşədibaba” komandaları 11 mart tarixində təşkil olunacaq yarımfinal mərhələsinə vəsiqə qazanıb.
11 mart tarixində keçirilən yarımfinal mərhələsində “A” və “B” qruplarından çıxmış 15 komanda mübarizə aparıb. “Nə? Harada? Nə zaman?” formatı üzrə təşkil olunan yarışda səsləndirilən 15 suala ən çox cavab verən 4 komanda – “Scorpions” (BDU Qazax filialı), “Vadi” (Qazax şəhər M.Hüseyn adına məktəb lisey), “F4T” (“Effort” – müstəqil) və “Nicat” (Cəfərli kənd M.Dilbazi adına tam orta məktəb) komandaları 12 mart tarixində təşkil olunacaq final mərhələsinə vəsiqə qazanıb.
14 martda isə final mərhələsinin oyunları keçirilib. “Breyn rinq” formatı üzrə təşkil olunan yarışda yarımfinal mərhələsində ən çox xal toplamış 4 komanda mübarizə aparıb. Səsləndirilən 15 suala ən çox doğru cavab verən “F4T” (“Effort” – müstəqil) komandası yarışın qalibi adını qazanıb. Bakı Dövlət Universitetinin Qazax filialının “Scorpions” komandası II, Qazax şəhər M.Hüseyn adına məktəb liseyin “Vadi” komandası isə III pillədə qərarlaşıblar. Qalib komanda kubokla, I, II, III yerləri tutan komandaların üzvləri isə müvafiq diplomlar və medallarla təltif olunublar.
Qeyd edək ki, layihənin məqsədi gənclər arasında vətənpərvərlik əhval-ruhiyyəsinin yüksəldilməsi, eləcə də, intellektual səviyyələrinin və dünyagörüşlərinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə 01 may 2022-ci il tarixdə yekunlaşacaqdır.