Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Tovuz rayonuna səfər edib.
“Qərb Xəbər”in məlumatına görə, səfir Tovuz rayon İcra Hakmiyyətinin başçısı Məmməd Məmmədovla görüşüb. Görüşdə rayonun ictimai-siyasi, mədəni həyatı və iqtisadi göstəriciləri barədə səfirə məlumat verib. Vada Cüniçi Azərbaycan və Yaponiya arasında mövcud əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən danışıb, bu il ölkələrimiz arasında əlaqələrin qurulmasının 30 illiyi münasibəti ilə tədbirlərin keçirilməsinin əhəmiyyəti barədə məlumat verib.
Səfir Tovuz şəhərində Şəhidlər xiyabanını ziyarət edib.
Daha sonra diplomat rayon Aşıq Sənəti Dövlət Muzeyi və Dövlət Rəmzləri Muzeyində olub.
Tovuz Regional “ASAN Xidmət” Mərkəzi və “ABAD” Meyvə qurutma fabrikini də ziyarət edən qonağa iş prinsipləri barədə məlumat verilib. Səfir üzüm emalı müəssisəsi, kartof və tərəvəz saxlamaq üçün logistik mərkəz və “Tovuz Aqro” MMC-də yaradılmış şəraitlə də tanış olub.