Yanğınla əlaqəli təxliyə olunan 26 yenidoğulmuşdan 15-i Kliniki Tibbi Mərkəzin Yenidoğulmuşlar şöbəsinə, 11-i isə KTM-in tərkibində fəaliyyət göstərən Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.
Bunu “Qərb Xəbər”ə KTM-in mətbuat katibi Ruzbeh Məmməd bildirib.
Onun sözlərinə görə, 15 körpədən 8-i reanimasiya şöbəsinə yerləşdirilib, həkim nəzarətindədir. Digər 7 körpənin vəziyyəti stabildir, müalicələri davam edir.
Qeyd edək ki, ötən gecə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olub.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.