İsrailin Yerusəlim şəhərində Xocalı soyqırımının 30-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
“Qerbxeber” xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, komitənin dəstəyi və “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə mədəniyyət mərkəzində baş tutan tədbirdə Knessetin deputatı, İsrail-Azərbaycan parlamentlərarası qrupunun sədri Elina Bardaç-Yalova, Azərbaycan Milli Məclisinin üzvü Sevil Mikayılova, Azərbaycanın İsraildəki Turizm Nümayəndəliyinin rəhbəri Cəmilə Talıbzadə, “Passage” jurnalının baş redaktoru, sənətşünaslıq doktoru Nərminə Ağası və digər rəsmi şəxslər,
yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Azİz” Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərində dinc və günahsız azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırımı barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan xalqı, İsraildə və dünyada yaşayan azərbaycanlılar bu il dərin hüzn və kədərlə ölkəmizin müasir tarixinə ən dəhşətli qətliam kimi həkk olunmuş faciənin 30-cu ildönümünü qeyd edir.