İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında Respublika Veteranlar Təşkilatının dəstəyi ilə veteranlarla tələbələrin görüşü keçirilib.
Tədbirdə Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov, II Dünya müharibəsi veteranı İsmayıl Fərəcov, Əfqanıstan və Qarabağ müharibəsi veteranı polkovnik Elşad Şabanov, Qarabağ müharibəsi veteranı Bəhram Atakişiyev, eləcə də, universitetin müəllim və tələbə kollektivi iştirak ediblər.
Tədbirdə çıxış edən polkovnik C.Xəlilov Respublika Veteranlar Təşkilatının fəaliyyəti haqqında məlumat verdi, xüsusən son illərdə Təşkilatın Respublikada gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində, dövlət siyasətinin təbliği, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli və Ermənistanın qəsbkar, işğalçı kimi tanıdılması, dünyada sülhün və əminamanlığın qorunub saxlanması üçün həyata keçirmiş olduğu işləri diqqətə çatdırdı.
Veteranlara və Respublika Veteranlar Təşkilatına ölkə rəhbərliyinin xüsusi etimadını vurğulayan C.Xəliov üzərlərinə düşən işin öhdəsindən layiqincə gəldikərini bildirdi. Əhalinin sosial təminatının yaxşılaşdırılmasına dair qanun layihələrində veteranların nəzərə alınması, onların problemlərinin qısa zamanda həll edilməsi Prezident cənab İlham Əliyev tərəfindən veteranlara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd etdi.
Gəncləri vətənpərvər olmağa səsləyən C.Xəlilov: “Azərbaycan xalqı vətənpərvər, igid, qəhrəman xalqdır. Vətənpərvərlik bizim üçün müqəddəs amaldır. Bizə babalarımızdan qalan vətən sevgisi birliyimizin, məğrurluğumuzun təcəssümüdür.
Hər zaman xalqımızın igid oğul və qızları vətənin keşiyində dayanıb, yağı düşməndən torpaqlarımızı qoruyublar. Hər iki dünya müharibəsində, Əfqanıstan və eləcə də Qarabağ savaşlarında qəhrəmanlıqlar göstərib, azərbaycanlı adını layiqincə daşıyıblar. Əziz tələbələr, adlarını iftixarla çəkdiklərimiz qəhrəman oğul və qızlarımız hər birimiz üçün əzizdirlər. Onları unutmamalı, onların həyat və fəaliyyətləri bizlər üçün örnək olmalıdır. Vətən üçün canından keçən, həyatını vətənə həsr edən insanların fəaliyyətini öyrənib, yaşatmalı və gələcək nəsillərə ötürməliyik.
Torpaqlarımızın 20 faizi ermənistanın işğalı altındadır. Tarixən bizə düşmənçilik edən mənfur qonşumuz Ermənistan işğalçılıq siyasətindən əl çəkmək istəmir. Erməni xalqını ölümə sürükləyən “Böyük Ermənistan” xəyalları ilə gənclərini faşizm ideologiyasında tərbiyə edir. Biz dünyada sülhü əminamanlığı, bütün dünya xalqları ilə dostluğu təbliğ etdiyimiz halda Ermənistan bunların tam əksini həyata keçirir. Qonşu dövlətlərə ərazi iddiası, düşmənçilik siyasəti ilə məkrli planlar qurur.
Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir. Gündən-günə güclənən ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır. Maddi texniki təminatı və ixtisaslı kadr potensialı deyilənlərin əyani sübutudur. Aprel döyüşlərində və Naxçıvanda həyata keçirilmiş uğurlu hərbi əməliyyatlar zamanı əldə etdiyimiz qələbə düşməni və onun havadarlarını sözün əsl mənasında sarsıtdı.
Bu gün Ulu öndər Heydər Əliyevin siyasi irsi, onun Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməliyik. Prezident İlham Əliyevin daxili və xarici siyasətinə dəstək olmalı Azərbaycanı daha da irəliyə aparmağı bacarmalıyıq. Bu missiyanı həyata keçirməkdən ötrü hər birimizin üzərinə böyük məsuliyyət düşür. Yüksək təhsilə yiyələnməli, elm-texnologiya əsrində beynəlxalq aləmdə layiqli yerimizi tutmalıyıq. Siz gənclər sahib olduğunuz ixtisasların bütün sirrlərinə bələd olmalısınız. Sizə bu yolda uğurlar və müvəffəqiyyətlər arzulayıram”.
II Dünya müharibəsi veteranı İsmayıl Fərəcov keçdiyi döyüş yolundan, Azərbaycan xalqının II Dünya müharibəsində Qələbənin əldə edilməsində göstərdiyi fədakarlıqlardan danışdı. Həm ön cəbhədə igid döyüşçülərimizin, həm də arxa cəbhədə xüsusən Bakı neftçilərinin, azərbaycanlı alimlərin danılmaz əməyini tələbələrin diqqətinə çatdırdı. “Sevindirici haldır ki, bügün hər bir sahədə Azərbaycan nailiyyətlər əldə edib. Bunlar yorulmaz əməyin və tariximizdən gələn əzmkarılığın, əməksevərliyin nəticəsidir. Siz gələcəyin həkimləri, elm xadimləri olacaq dünya elminə tövhələrinizi verəcəksiniz…
Bir faktı xatırlamaq istəyirəm ki, II Dünya müharibəsində Azərbaycanda 28 hərbi hospital fəaliyyət göstəribdir. Azərbaycan həkimləri on minlərlə yaralının sağlamlığına qovuşmasında əllərindən gələni əsirgəməyiblər. Əziz tələbələr, biz veteranlar sizin bacarığınıza inanır, xalqımızın qəhrəman, əməksevər, əzmkar fəaliyyətini davam etdirəcəyinizə inanırıq”.
Digər çıxış edənlər polkovnik Elşad Şabanov və polkovnik Bəhram Atakişiyev gənclərə XX əsr Azərbaycan tarixi, erməni faşizmi və terroru haqqında məlumat veriblər. Gəncləri vətəni sevməyə, vətənpərvər olmağa səsləyiblər.
Daha sonra təhsildə fərqlənən universitetin bir qrup əməkdaşı Respublika Veteranlar Təşkilatı tərəfindən mükafatlandırılıb.
Sonda veteranlarla tələbələr birgə xatirə şəkli çəkdiriblər.