“Son günlər şərq cəbhəsində vəziyyət daha da gərginləşib. İşğalçılar hücumlarını gücləndirib və hücumlar üçün texnikadan istifadə edirlər”.
Qerbxeber.com xəbər verir ki, bu barədə cəbhə bölgəsinə növbəti səfərindən sonra Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski teleqram kanalında yazıb.
Baş komandan qeyd edib ki, Rusiyada keçirilən prezident seçkilərindən sonra qarşı tərəfin hücum hərəkətləri daha da güclənib.
“Düşmən Liman və Baxmut istiqamətində bizim mövqelərimizə zirehli texnikanın dəstəyilə hücum qrupları ilə aktiv şəkildə hücum edir”, – deyə Sirski bildirib.
Onun sözlərinə görə, quru hava cəbhədə zirehli texnikanın istifadəsinə şərait yaradır. Hava şəraiti açıq ərazilərin əksəriyyətini tanklar üçün əlçatan edib.
“Əhəmiyyətli itkilərə baxmayaraq, düşmən zirehli texnikalarda yeni birləşmələrdən istifadə etməklə səylərini artırır və bunun sayəsində vaxtaşırı taktiki uğur qazanır”, – deyə Baş Komandan vurğulayıb.
Sırski döyüş bölgəsinə gedib və müdafiənin ən problemli sahələrinin elektron müharibə, hava hücumundan müdafiə vasitələri ilə gücləndirilməsinə yönəlmiş qərarlar qəbul edilib. Bütün növ pilotsuz uçan aparatların və tank əleyhinə raketlərin ehtiyatları da artırılıb, əlavə qüvvə və vasitələrin ehtiyatı köçürülüb.
Baş komandan qeyd edib ki, yüksək texnologiyalı silahlarda düşmən üzərində texniki üstünlüyə nail olmaq məsələsi yenidən gündəmə gəlib.
“İkinci ciddi problem hərbi personalın, ilk növbədə piyada birləşmələrinin təlim keyfiyyətinin yaxşılaşdırılmasıdır ki, onlar hərbi texnikanın və Qərb silahlarının bütün imkanlarından maksimum istifadə edə bilsinlər”, – deyə o əlavə edib.
Bu problemlərin həlli Quru Qoşunlarının komandanlığına həvalə edilib.
Səfər zamanı Sırski əsgərlərə mükafatlar da təqdim edib.(AZƏRTAC)