Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir.
Ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb və Rusiya Ukraynaya hərbi müdaxilə etməyə başlayıb.
Rusiya qoşunları 4 əsas istiqamətdən – şimaldan Kiyev istiqamətində, şimal-şərqdən Xarkov istiqamətində, cənub-şərqdə Donbasdan və cənubda Krımdan Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Rusiya qoşunları Ukraynanın şəhərlərini tutuduqca çox sayda əhali ölkəni tərk edərək qonşu və digər Avropa ölkələrinə qaçmağa başlayıb.
Rusiya ordusu Ukraynanın şəhər və vilayətlərini dəfələrlə raket hücumuna məruz qoyub.
Rusiya-Ukrayna müharibəsinin 1 ilini “Qərb Xəbər“ə dəyərləndirən Ukraynada yaşayan soydaşımız, Nəsimi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı və siyasətçi Əli Quliyev bildirib ki, son 1 ilə qədər Rusiya deyiləndə bir vahimə, bir qaba güc ağıla gəlirdi. Dünyanın 2-ci ordusu, dünyanın ən güclü silahlarına malik olan bir ordu kimi görünürdu. Ukrayna bu mifi darmadağın etdi. Bu müharibə bütün ciddi itkilərinə baxmayaraq, Ukrayna xalqının siyasi bir millətə çevrilməsinə səbəb olub.
Əli bəy, yaşadığınız Ukraynada artıq 1 ildir ki davam edən rus işğalına qarşı dirəniş Ukrayna xalqının, cəmiyyətinin birliyinə, bütövlüyünə necə təsir etdi. Xalq savaşdan yorulmayıbki?
– “2022-ci il 24 fevralda Rusiya Ukraynaya hücuma keçərək, təcavüz həyata keçirdi. Artıq üstündən 1 il keçib. Ukrayna ciddi şəkildə həm insan itkilərinə məruz qalıb, şəhərləri dağıdılıb. Amma, işğal olunmuş ərazilərin 50 faizdən çoxunu işğaldan azad edib. Yəni, Rusiya ordusu az qala, Kiyevi işğal etmək ərəfəsində idi. Ukraynanın şimalı həm Çerniqov vilayəti, həm Sumı vilayəti, həm Kiyev vilayəti müharibədən az sonra yəni bir neçə ay ərzində işğal olunmuşdu. O cümlədən cənubdan Xerson şəhəri, Zaparojiyanın bir sıra yaşayış məntəqələri. Bu gün Ukrayna Ordusu ciddi bir tranformasiyaya məruz qalıb. Artıq dünyanın ən güclü ordularından biridir. Rəsmi reytinq sıralamalarında 15-ci yeri tutub. Demək olar ki, həm silah-sursat baxımından, həm hərbi hazırlıq baxımından NATO standartlarına yaxınlaşıb. Yəni, 1 il öncə ilə muqayisədə Ukrayna xalqı bir çox sınaqlardan sonra artıq ciddi keyfiyyət dəyişikliklərinə məruz qalıb. Sanki artıq yeni bir millət doğulub. Bu müharibə bütün ciddi itkilərinə baxmayaraq Ukrayna xalqının siyasi bir millətə çevrilməsinə səbəb olub.
Ukrayna azad, demokratik bir dövlət kimi bu gün bütün dünya tərəfindən qəbul olunur. Şübhəsiz ki, burada Ukrayna xalqı önəmli rol oynadı. Həmçinin, bu məqamda Ukrayna prezidentinin və onun komandasının rolunu da danmaq olmaz. Dünyanın demokratik ölkələri, Avropa ölkələri Ukraynanı məhz bu baxımdan müdafiə edirlər. Heç kim inanmırdı ki, Ukrayna Rusiya qarşısında duruş gətirə bilər, güc gətirə bilər. Hətta, Ukrayna prezidentinə təklif olunmuşdu ki, hücum olan zaman o Ukraynanı tərk etsin. Müvəqqəti hökümət Avropa yerləşsin. Ancaq Zelenski bunlardan imtina etdi. Prezidentin bu dik duruşu Ukrayna xalqı üçün ilham mənbəyi oldu. Ukrayna birləşdi və işğalçılara qarşı mübarizə aparmağa başladı. Bu gün Ukraynanın qələbəsindən danışmaq olar və Rusiyanın məğlubiyyəti qaçınılmazdır”.
2. Ukrayna cəmiyyəti savaşın başlanğıcında postsovet ölkələrində formalaşmış rus xofundan necə qurtuldu?
-“Doğurdan da dünyada sovetlər dağılandan sonra bu şər imperiyasının varisi kimi Rusiyaya qarşı münasibət həm postsovet məkanında, həm bütün dünyada belə idi ki, Rusiya deyiləndə bir vahimə, bir qaba güc ağıla gəlirdi. Dünyanın 2-ci ordusu, dünyanın ən güclü silahlarına malik olan ordu kimi görünürdu. Ukrayna bu mifi darmadağın etdi. Ukrayna bütün dünyaya göstərdi ki, bu deyilənlər nağıl imiş. Bu mifin dağılmasında, rus ordusuna belə ağır bir zərbənin vurulmasının arxasında Ukrayna ordusunun və xalqının müqavimət gücü dayanır, fədakarlığı dayanır. Elə ilk gündən döyüş meydanında Ukraya Rusiyanın qarşısından qaçmadı və bu da öz nəticəsini göstərdi. Ukrayna demokratik dəyərlər, azadlığı, müstəqilliyi, Avropa dəyərlərini qoruya bildi və o mərhələni atlatdı. Hesab edirəm ki, dünya sisteminin dəyişməsində, yəni avtoritar və demokratiya arasında dünya xalqlarının seçim etməsi üçün bir örnək ortaya qoydu. Bu da ciddi qiymətləndirilir və biz bunu müşahidə edirik. Yəqin ki, bunun nəticələri çox yaxın illərdə özünü göstərəcək. Dünyada bir transformasiya baş verəcək. Bunda demokratik dünya ilə yəni ABŞ və Avropa ilə yanaşı Ukraynanın xidmətləri var. Bunun başlanğıcını qoyan Ukrayna olacaq və bu tarixə belə də yazılacaq”.
3. Ukraynaya hazırda edilən yardımları yetərli görürsüzmü, yoxsa demokratik dünya daha çox yardım etməlidirmi?
-“Ukraynaya edilən hərbi yardımlar, iqtisadi yardımlar və humanitar yardımlar davam edir. Əlbəttə, kənardan baxanda bunu düzgün qiymətləndirmirlər. Ya da hesab edirlər ki, bu yardımlar yetərincə deyil, amma əksinə Ukrayna büdcəsi müharibədən öncəki müdcə ilə müqaisədə 2 dəfə artıb. Ukrayna ümumi daxili məhsulunun demək olar ki, 30 faizdən çoxunu itirib. Fabriklər, zavodlar, müəyyən sənaye obyektləri, o cümlədən aqrar sahədəki çalışmaların bir çoxu ciddi itkilərə məruz qaldılar. Amma, buna rəğmən Avropa Birliyinin və ABŞ-ın ciddi dəstəyi var.
Ukrayna vətəndaşlarının istər təqaütçülər olsun, istər büdcədən maliyyələşən təşkilatlar olsun, istər Ukrayna ordusunun şəxsi heyətinin maaşla təmin olunan böyük bir hissəsini Qərb maliyyələşdirir. Məhz Ukrayna iqtisadiyyatı ona görə bu gün ayaqdadır və artıq stabilləşib. Rusiya iqtisadiyyatı isə pisləşməyə doğru gedir. Yəqin ki, sanksiyalar nəticəsində daha pis vəziyyətə düşəcək. Amma onunla müqayisədə Ukrayna iqtisadiyyatı ciddi zərbələr alsa da Ukrayna iqtisadiyyatında stabilləşmə var və müharibədən sonra iqtisadiyyat yaxşılaşacaq.
Qaldı ki, Ukraynaya olan hərbi yardımlar ən yüksək səviyyədə davam edir. Düzdür, hesab oluna bilər ki, hərbi yardımlar azdır, hərbi yardımlar yetərincə edilmir. Əksinə, Qərbin verdiyi hərbi texnika və silahlar yeni texnologiyalar olduğundan bir çox halda hərbiçilərin bu hərbi texnikaları idarə etmək üçün müəyyən peşə vərdişləri lazımdır. Bunlar öyrədilməlidir və təlim keçirilməlidir. Bütün bunların hamısı baş verir. Ona görə də ilk baxışda belə görünür ki, yardımların intensivliyi və miqdarı o qədər də yüksək deyil. Amma, əksinə bunun yetərincə olmamağının obyektiv səbəbləri var. Buna baxmayaraq yenə Ukrayna Ordusu lazımı hərbi texnika ilə, müəyyən silahlarla təmin olunur. Hərbi yaylım atəş sistemlərinin Ukrayna Ordusuna verilməsi müharibənin gedişində ciddi dönüş yaratdı. Müasir texnika kimi Almaniyanın məşhur tankları verilir.
Bundan başqa Ukraynanın hava məkanının bağlanması istiqamətində ciddi addımlar atılır. Ən etibarlı və dünyada ən güclü sistem olan Patriot hava hücumundan müdafiə sistemlərinin həm Almaniya, həm ABŞ, həm də Hollandiya tərəfindən verilməsi yəqin ki, bir necə ay ərzində baş verəcək. Yaya qədər bu sistemlərin qurulması prosesi baş verəcək. Almaniyanın hava hücumundan müdafiə sisteminin artıq ikisi qurulub və yaxınlarda bir neçəsinin yenidən qurulması prosesi olacaq. Bu yaxınlarda İtaliyanın və Fransanın birgə raket hücumundan müdafiə sistemi olan mamba da veriləcək.
Hava hücumundan müdafiə sisteminin üstündə çox durdum. Çünki, Ukraynayanın hava məkanı bağlı olmadığından ruslar bundan istifadə edirdi. İndi demək olar ki, hava məkanı çox yaxınlarda bağlanmış olacaq. Bu da artıq Rusiya üçün ciddi təhlükələr yaradacaq və ciddi çıxılmaz duruma salacaq. Onsuz da rus ordusu əsasən artilleriya ilə, sonra raket sistemləri ilə Ukraynanın infrastrukturlarını və dinc əhalisini zərbələrə məruz qoyurdu. Amma, hələ mənim saydığım hava hücumundan müdafiə sistemlərindən bir çoxu yetərincə olmamasına rəğmən Ukrayna hava məkanları ciddi şəkildə qorunur. Rusiyadan atılan raketlərin qarşısı böyük ustalıqla alınır.
Yəqin ki, Ukrayna yaxın zamanda aviasiya ilə yəni, Qərbin və ABŞ-ın yeni hərbi təyarələri ilə, yeni qırıcıları ilə Rusiya ordusunun qabağına çıxacaq. Artıq F16-ların verilməsi ilə bağlı söhbətlər gedir. F16-lar üçün xüsusi infrastruktur lazımdır. O baxımdan Ukrayna bir NATO ordusuna yaxın bir ordu kimi Rusiya üçün bir ciddi təhlükə olacaq. Yəni biz bunu gözləyirik”.
4. ABŞ prezidentinin Kiyevə səfərində səsləndirdiyi bəyanatlar sizcə müharibənin sonrakı dövrünə hər hansı dönüş yaradacaqmı?
-“Baydenin Kiyevə səfəri çox gözlənilməz bir səfər oldu. Bütün dünyada şok effekti yaratdı. Yəni, müharibə olan bir ölkəyə belə bir səfərin edilməsini heç kim gözləmirdi, amma bu cəsarəti Bayden göstərdi. Burada öz çıxışında öz mesajlarını verdi. Axıra qədər Ukraynanın yanında olacağına, Ukrayna nə qədər müddət müqavinət göstərirsə həmin müddət ərzində Ukraynaya maddi, hərbi dəstəyin olacağını dönə-dönə təkrar etdi. Bildirdi ki, Ukraynanın qələbəsi qaçılmazdı. ABŞ Ukraynanın qalib gəlməsi üçün nə lazımsa onu etməyə hazırdı. Sonradan Bayden Polşaya getdi və Varşavadan 20 dəqiqəlik çıxışında demokratiyanı, azadlığı müdafiə edəcəklərini, dünyanın dəyişim ərəfəsində olduğunu və bu dəyişimə Amerikanın liderlik edəcəyini bildirdi.
O, Rusiya xalqına müraciyətində belə bir fikir səsləndirdi ki, Rusiyanın yeganə çıxış yolu Ukrayna ərazisindən təcili çıxmağıdır. Yalnız bu halda sülh danışıqlarından söhbət gedər. Rusiyaya olan münasibət ondan sonra dəyişə bilər.
Bayden qeyd etdi ki, Rusiyanın xilası ordusunu Ukrayna ərazisindən çıxarmaqdan keçir. Yəni bu artıq yeni dönəmdən xəbər verir. Artıq müharibnin gedişində ciddi dönüşdən xəbər verir. İndiyədək ABŞ, NATO və Avropa rəhbərlikləri Ukrayna prezidentinə və hakimiyyət dairələrinə təzyiq edirdilər ki, onlar sülh danışıqlarına getsinlər. Hətta müəyyən hallarda sülh anminə ərazi güzəştə getsinlər. İndi isə əksinə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini ciddi şəkildə dəstəkləyirlər və müdafiə edirlər”.
5. Putinin prezident Baydenin Kiyev səfərindən dərhal sonra az qala bütün dünyanı günahlandıran bəyanatlar səsləndirməsi sizcə Ukraynaya və dünyaya nə vəd edir?
-“Rusiya prezidenti Putinin Federal Məclis qarşısında 2 il təxirə salınmış çıxışı dünya tərəfindən də, rus elitası tərəfindən, həm də Rusiya daxilində belə gözləntiləri doğrultmadı. Demək olar ki, yeni heç bir şey demədi. Əvvəlki köhnə fikirlərini yenidən təkrar etməyə başladı. Guya ki, Ukraynadan, NATO-dan bizə ilk hücum gözlənilirdi. Ona görə də Rusiyanın milli maraqlarını qorumaq üçün biz müharibəyə məcbur qaldıq kimi fikirlər səsləndirdi.
Putinin çıxışı çox mənasız, əvvəl səsləndirdiyi fikirlər idi. Xeyli absurt məsələlər var idi. Guya ki, sanksiyaların iqtisadiyyatına təsiri olmayıb, Rusiya ayaqdadır. Yəni heçnəyi ilə cəlb ediciliyi olmayan Rusiyanın əslinə qalanda uzun uzadı söbətindən görünən o idi ki, Rusiya yeni heç nə ortaya qoya bilmir Rusiyanın durumu olduqca ağırdır. Tükənmiş vəziyyətdə olan bir dövlət başçısının çıxışını xatırladırdı bu 2 saat yorucu çıxış.
Baydenin 20 dəqiqəlik çıxışı dünyada ciddi əks-səda doğurduğu halda Putinin çıxışına demək olar ki, heç bir ciddi reaksiya olmadı. Sönük bir çıxış kimi, gecikmiş bir çıxış kimi qaldı”.
Rahib İsgəndərli