Tovuz rayon sakinlərinin elektrik enejisi ilə təminatının yaxşılaşdırılması məqsədilə rayonda fəaliyyət göstərən “Tovuz” və “Qovlar” elektrik yarımstansiyaları yenidən qurulur və gücü artırılır.
“Qərb Xəbər” bildirir ki, Yuxarı Öysüzlü kəndi ərazisində yerləşən 110/35/6 kV-luq “Tovuz” yarımstansiyasının tikintisinə başlanıb.
Yarımstansiyada 110 kV-luq 2×20 MVA gücündə iki ədəd transformator, müasir standartlara cavab verən 110, 35 və 6 kV-luq eleqaz açarlı yuvalar quraşdırılacaq və avtomatlaşdırılmış SCADA dispetçer idarəetməsi sisteminə qoşulacaqdır. “Tovuz” yarımstansiyası 35 kV-luq Qovlar, 35 kV-luq Ağdam, 35 kV-luq Əlibəyli və 35 kV-luq Tovuzçay Hava elektrik verilişləri xətləri və 12 ədəd 6 kV-luq HEVX-ni qidalandırır ki, bu da 18364 aboneti elektrik enerjisi ilə təmin edir.
İbrahimhacılı kəndi ərazisində yerləşən 110/10 kV-luq Qovlar yarımstansiyası yenidən, müasir tələblərə uyğun qurulur. Belə ki, yarımstansiya 11193 aboneti elektrik enerjisi ilə təmin edir. Yarımstansiya 110/35/10 kV-luq olmaqla gücü artırılaraq 25 MVA-dan 50 MVA-ya çatdırılıb. Hazırda tikinti işləri başa çatıb, avadanlıqların quraşdırılmasına başlanıb. Yaxın günlərdə yarımstansiyanın istismara verilməsi planlaşdırılır.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov da görülən işlərlə yerində tanış olub.