Son bir neçə gündə gürcüstanlı dostlardan narahatlıq dolu xəbərlər gəlir. Larinin rekord həddə dəyərdən düşməsi, ölkəyə gələn turistlərin sayının azalması, siyasi mübarizənin həbslər mərhələsinə keçməsi Gürcüstanda gərgin ortam yaradıb.
Heç şübhəsiz, gərginlik məqamlarının içərisində vətəndaşı ən çox rahatsız edən milli valyutanın ucuzlaşmasıdır. Gürcüstan Milli Bankının son açıqlamasına görə, 1 dolların ekvivalenti 2,91 laridir. Əslində, “Gürcü Arzusu” Partiyasının hakimiyyəti dönəmində larinin mənfi mənada tarixi rekordlar vuracağı 5-6 il öncənin proqnozudur. İqtidara səs-küylü sosial vədlərlə gələn İvanişvili komandasının Gürcüstanı dirçəltmək üçün əsaslı iqtisadi proqramının olmaması çox qısa dönəmdə bəlli oldu. Əsası Saakaşvili dönəmində qoyulan projeləri davam etdirməyi belə başarmayan, Qərblə-Rusiya arasında “vaxt öldürən” “Gürcü Arzusu” vətəndaşın sosial yükünü nəinki azaltdı, əksinə onu yeni qayğılarla yüklədi. Nəticə?.. Nəticə odur ki, bu gün təkcə gənc gürcülər deyil, orta yaş həddindən yuxarı insanlar belə Green Card qazanıb ABŞ-a getmək üçün kilsələrdə xaç çevirib dua edir.
Kilsə demişkən, “Gürcü Arzusu” iqtidarının ölkə üçün yaratdığı ən ciddi problemlərdən biri Keşikçidağ məbədinə görə Azərbaycanla Gürcüstan arasında münasibətlərin soyumasına çalışan qüvvələrin pravokasiyalarının qarşısını almamasıdır. Pravokasiyalar rəsmi səviyyədə pislənsə də Azərbaycan sərhədçisinin silahına əl atanların hələ də cəzalandırılmaması rəsmi Tiflisin məsələyə gerçək münasibətini göstərir. Olay gecənin qaranlığında, şahidsiz, sübutsuz baş verməyib… Azərbaycan sərhəddinə hücum edənlər Gürcüstan sərhədini keçib, qanunsuz hərəkətlərin başdan-sona videogörüntüsü var. Əgər Azərbaycan sərhədçisinin psixoloji hazırlığı yetərli qədər olmasaydı, kim bilir, bu gün iki ölkə hansı gerçəklərlə üz-üzə qalmışdı. Odur ki, pravokasiyaların təkrarlanmaması üçün delimitasiya prosesini sürətləndirməklə yanaşı strateji tərəfdaş olan iki dost ölkənin münasibətlərini pozmaq istəyənlər cəzalanmalı, bununla da onların arxalarındakı qüvvələrə aydın mesaj verilməlidir.
Rəsmi Tiflisin Keşikçidağla bağlı son addımı da iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uymur. Hökumət məbədə yeni yol çəkilişi üçün 2 milyon dollar büdcə ayırıb. Gəzənlər bilir, Gürcüstanda təmirə ehtiyacı olan milyonlarla yol var. Ölkənin şəhərlərarası, şəhərdaxili, kəndlərarası, məhəllə yolları bərbad durumdadır. İstər paytaxt Tiflisdə, istər bölgələrdə təmiz təkəri, təmiz ayaqqabını yalnız mağazalarda görmək mümkündür. Payız-yaz aylarında Kür daşarkən hətta hökumət üzvlərinin bel-kürəklə Tiflis küçələrini palçıqdan təmizləməsi adi hal alıb. Belə bir durumda məbədə yol çəkilişinə 2 milyon ayrılması, aydındır ki, sosial yox, siyasi projedir. Olsun…
Gürcü ictimaiyyətinin bəzi üzvlərinin problemə Xristianlıq bucağından baxaraq “xristianlıq abidəsidirsə, məbəd bizimdir” iddiasında bulunması da çox primitiv yanaşmadır. Həmin məntiqlə Gürcüstanın qonşuları olan müsəlman Azərbaycan, Türkiyə paytaxt Tiflis daxil olmaqla Gürcüstanın dörd bir yanındakı tarixi məscidlərlə bağlı iddia irəli sürə bilər… Azərbaycan Qafqaz Albaniyasının əsas ərazisində yerləşən dövlət kimi onlarla xristian abidəsinə sahibdir və həmin abidələr tarixi miras kimi qorunub, qorunacaq, zəngin mədəniyyətimizi gələcəyə daşıyacaq.
İndi sağlam düşüncə mübahisəli məqamları bir kənara qoyub iki qonşu dövlət arasında mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətlərini daha da gücləndirməyi tələb edir. Çünki tərəflərin hər ikisi, xüsusən də mehriban qonşuluq münasibətində yaşayan xalqlar bu gərginliyin kənardan körükləndiyini çox gözəl anlayır.
Azərbaycan tərəfdən bu məqamda səslənən həm rəsmi, həm qeyri-rəsmi təklifləri yetərincə məqbul saymaq olar. Ümumiləşdirsək, Bakı Avropa modeli təklif edir. Sərhədlər SSRİ dönəmində olduğu kimi 22 məbədin 20-si Gürcüstanın, 2-si Azərbaycanın yurisdiksiyasında qalır, kompleks hasarlanır, xüsusi rejim tətbiq olunur, həm Gürcüstan, həm Azərbaycan girişindən sərhəd qapıları qoyulur, zəvvarlar adi sərhəd qaydasında ziyarətə gəlirlər – yəni hər ölkənin vətəndaşı kompleksə öz ölkəsinin sərhədindən girir və çıxır. Bakının təklifləri sırasında kompleksiidarə etmək üçün xüsusi komissiya yaradılması da var. Məsələn, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov təklif edir ki, həmin komissiyada dünyanın mədəni irsini qoruyan əsas beynəlxalq qurum olan UNESKO-nun da nümayəndəsi olsun. Məntiqlidir… Bu, yarana biləcək mübahisəli məqamların daha çevik çözümünə imkan yaradar.
Tiflis Bakıdan səslənən bu konstruktiv təkliflərə adekvat cavablar versə, hər iki ölkə üçün ziyanlı tendensiyaların qarşısı zamanında alınar. Əksi yalnız Qafqaza səpdiyi nifaq toxumlarının cücərməsini gözləyən düşmənin arzusudur.
Bakı,
29.07.19