Bu tədris ilində məktəblərin açılıb-açılmayacağı hələ sual altında olsa da, Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində dərs proqramlarının onlayn mənimsənilməsinin davam edəcəyini söyləyib. Nazir qeyd edib ki, bəzi iş və xidmət sahələrində karantin şərtlərinin yumşaldılması prosesi baş versə də, bu, məktəblərdə belə tezliklə baş verə bilməz. O deyib ki, ehtiyac olarsa, yay aylarında dəstəkləyici amillərdən istifadə etməklə, dərslərin onlayn rejimdə fəaliyyət göstərməsi və növbəti tədris ilinə keçidi təmin ediləcək. Bu açıqlamadan sonra yaranan əsas suallardan biri də dəstəkləyici amillərin nədən ibarət olacağı ilə bağlıdır.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov Sputnik-ə açıqlamasında bildirib ki, hazırkı şəraitdə məktəblərlə bağlı verilən qərar ən doğru olanıdır: “Bizim üçün əsas vacib olan uşaqların, gənclərin sağlamlığıdır. Ona görə də Təhsil Nazirliyinin dərslərin onlayn keçirilməsinin davam etdirilməsi barədə gəldiyi qərar hazırkı şəraitə uyğundur. O ki qaldı dərs proqramının mənimsənilməsinə, təbii ki, şagirdin məktəbdə keçdiyi dərslə onlayn dərsin keyfiyyəti bir ola bilməz. Bununla belə, onlayn formada tədrisin davam etdirilməsi vacibdir. Şagirdlər, tələbələr daha çox çalışmaqla onlayn təhsil formasından istifadə edərək dərs proqramının əsas hissəsini mənimsəyə bilərlər. Amma nazirin dediyi kimi, proqramın maksimum mənimsədilməsi üçün yay tətilində dəstəkləyici tədbirlər də ola bilər. Yay tətili şagird və tələbələrin asudə vaxt keçirməsi üçündür. Amma yayda şagird və tələbə həftədə iki günü səmərəli keçirmək üçün boş keçən dərslərini öyrənə bilər.
Dəstəkləyici amillər deyəndə şagirdlərə boş keçən dərslərin müəyyən tapşırıqlar vasitəsilə başa salınması və sair ola bilər. Elə dərslər var ki, onu müəllimin izahı olmadan da şagird oxumaqla öyrənə bilər. Bu gün şagirdlərin çoxu tariximizlə, mədəniyyətimizlə bağlı primitiv məlumatları bilmir. Şagirdlərin imkanı var ki, bu cür vacib məlumatları oxusunlar. Məktəblərin bağlanması şagirdləri təhsildən tamamilə uzaq salmamalıdır”.
Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, hazırda 4447 orta məktəbdə 1.5 milyon şagird, 50-dən çox ali təhsil müəssisəsində 165 min tələbə, kollec və peşə təhsili müəssisələrində 30 minə qədər təhsil alan üçün ənənəvi dərs dayanıb və bu qədər insan evdədir: “Hal-hazırda hər kəs bir mövzu ilə maraqlanır ki, dərslər bərpa olunacaqmı, olunarsa, keçirilməyən dərslər necə kompensasiya olunacaq?
Düzdür, koronavirus epidemiyası ilə əlaqədar təhsil alanlar təhsillərini distant təhsil sistemi ilə davam etdirirlər. Buraya teledərs, virtual məktəb, müəllimlərin şəxsi təşəbbüsü ilə müəyyən proqramlar ilə keçdikləri onlayn dərslər, Təhsil Nazirliyi və DİM-in “YouTube” kanalındakı vəsaitlər də daxildir. Amma bütün hallarda dərslər bərpa olunacaq. O zaman texniki resursların cəlb edilərək keçirildiyi dərslərin taleyi necə olacaq? O dərslər təkrarən bir də keçiriləcəkmi?
Onlayn sistemdə keçirilən dərslər heç də bütün şagirdlər üçün əlçatan deyil. Yəni 3 martdan etibarən keçirilməli olan bir çox dərsləri mənimsəməyən şagirdlər var. Təklifim Kompensiya təhsili proqramının işlənib hazırlanmasıdır. Yəni Təhsil Nazirliyi koronavirus dövrünə təsadüf edən mövzuların birləşdirilməsi, yığcamlaşdırılmasını əks etdirən tədris proqramı hazırlamalıdır.
Kompensiya təhsili bütöv bir dövr təhsili deyil, qismən və sürətlənmiş təhsil prosesidir. Bu prosesdə heç də tədris olunan bütün fənlər yox, zəruri akademik bilikləri formalaşdıran və növbəti sinif və pillələrdə vacib olan biliklərin verilməsini əks etdirən mövzu və paraqraflar tədris olunmalıdır. Kompensiya təhsilinin davam etmə müddəti isə 4-6 həftə ola bilər”.