Qazax rayonu ərazisində yol-hərəkət nişanları təhlükəsiz və nizamlı hərəkəti təmin etmir, əksinə avtomobillərin hərəkətini məhdudlaşdırmaqla təhlükəli vəziyyət yaradır.
Əraziyə yollanan “Qərb Xəbər”in çəkiliş qrupu bir sıra nöqsanları üzə çıxarıb. Şəhərin bir neçə mərkəzi küçəsində piyada keçidi zolaqları, yol hərəkəti nişanları ya silinmək üzrədir, ya da yerli-dibli yoxdur. Bu da həm sürücüləri, həm də piyadaları çaşbaş salır.
Sakinlərin sözlərinə görə sadalanan çatışmazlıq yalnız dövlət başçısının rayona səfəri zamanı aradan qaldırılır. Başqa zaman isə harada yol nişanı yoxdur, dairə pozulub maraqlanan yoxdur.
Digər tərəfdən isə piyada keçidi zolaqlarından piyadaların hərəkəti də mümkün deyil. Avtomobillərin sıx hərəkət etdiyi yollarda xüsusilə mikroavktobus sürücüləri piyadalara yol vermir. Belə olan halda sakinlərin həyatı hər an təhlükədədir.
Sözümüz həm səlahiyyətli şəxslərə, həm sürücülərə, həm də piyadalaradır: gəlin, ölümü ucuz axtarmayaq! Fərq etməz, ya özünüz, ya da qarşınızdakı şəxs. Bir insan həyatını səhlənkarlığa qurban verməyin!
Aymirə İsmayılqızı,
Röyal İslam, Qərb Xəbər