Laçın – Xankəndi yolunda ekoaksiya keçirilməsindən sonra da ermənilər alternativ yollarla Qarabağa silah-sursat və canlı qüvvə daşımağa davam edirdilər. Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Bundan sonra ermənilər silah-sursat daşımaq üçün alternativ yollar tapa bilərlər?
Siyasi şərhçi Asif Nərimanlı bildirir ki, separatçılar əlavə keçidlər tapa bilməyəcəklər:
“Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulduğu ərazinin əsas unikallığı Qarabağdan Ermənistana gedən əsas və əlavə yolların hamısının bu nöqtədə birləşməsidir: bu, separatçıların əlavə keçidlər tapmaq cəhdlərini də mənasız edir, çünki hara getsələr də, sonda Azərbaycan əsgərinin qılıncının altından keçməli olacaqlar”.
Qeyd edək ki, sərhəd- buraxılış məntəqəsinin qurulması barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.