Şəmkir rayonunda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirərək mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiyaedici vasitələrdən istifadəni tövsiyə edirlər.
Yaşı 65-də yuxarı vətəndaşlar rayon ərazisində aşkarlandıqda isə onlara virusa daha tez yoluxma riskinin olduğu izah edilərək evlərinə qədər müşayiət olunurlar. Bu işdə polislərə Şəmkir Rayon İcra Hakimiyyətinin başcısının yanında Operativ Qərargahın mobil qruplarının üzvləri də kömək edir.
“Lakin təəssüflər olsun ki, görünən tədbirlərə baxmayaraq, xüsusi karantin rejimin tələblərinə biganə yanaşan sakinlərə də rast gəlinir. Polis əməkdaşların apardıqları araşdırmalarla xüsusi karantin rejiminin tələblərini pozan 35 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq barələrində tədbir görülüb. Həmin vətəndaşlardan 33 nəfəri barəsində inzibati qaydada protokol tərtib edilib. İki nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs ediliblər”, – məlumatda vurğulanıb.