ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putini “hərbi cinayətkar” adlandırmasından sonra iki ölkə arasında qarşılıqlı “söz atışmaları” davam edir.
“Qərb Xəbər” məlumat verir ki, “Roskosmos”un rəhbəri Dmitri Roqozin də öz növbəsində Co Baydeni “hərbi cinayətkar” adlandırıb.
“Bəlkə Baydenə kimin hərbi cinayətkar olduğunu xatırlatmaq lazımdır?”, – deyə Roqozin öz teleqram kanalında yazıb.
“Roskosmos” rəhbəri, həmçinin Baydenin 1999-cu ildə Belqrad şəhərini bombalamağa və ABŞ Hərbi Hava Qüvvələrinin pilotlarını Dunay çayındakı körpülərin dağıdılması üçün göndərməyə çağırdığını əks etdirən video paylaşıb.
“Bu qəddar qoca ölüm astanasında törətdiyi vəhşilikləri, öldürdüyü minlərlə dinc insanları xatırlamalıdır”, – deyə Roqozin əlavə edib.
Xatırladaq ki, Yuqoslaviyanın NATO qüvvələri tərəfindən bombalanması 1999-cu il martın 24-ü başlayıb və iyunun 10-da başa çatıb. Bu zaman həm hərbi obyektlər, həm də mülki infrastruktur zərbələrə məruz qalıb. Yuqoslaviya Federativ Respublikası hökumətinin məlumatına görə, bombardman zamanı 400-ə yaxın uşaq daxil olmaqla 1700-dən çox mülki şəxs həlak olub. Daha 10 min nəfər isə yaralanıb. BMT-nin məlumatına görə isə, hadisə zamanı 821 nəfər itkin düşüb.