“Qarabağla bağlı məsələ bağlanıb. Bu mövzu sentyabr ayında hərbi əməliyyatla bağlanıb”.
“Qərb Xəbər” məlumat verir ki, bunu Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdakimov “İzvestiya”ya müsaibəsində bildirib.
Onun sözlərinə görə, Moskva tərəflər arasında sülh müqaviləsi üzrə danışıqlara maksimum dəstək verməyə hazırdır:
“Bəli. Qarabağla bağlı məsələ bağlanıb. Bütün bu illər ərzində Rusiya Qarabağ probleminin sülh yolu ilə həllinə səy göstərib, təəssüf ki, alınmayıb. Bu mövzu sentyabr ayında hərbi əməliyyatla bağlandı. Rusiya nizamlanmada həmişə çox mühüm rol oynayır. Rusiya tərəflər arasında sülh müqaviləsi üzrə danışıqlara maksimum dəstək verməyə hazırdır”
Diplomat vurğulayıb ki, hazırda Ermənistanla Azərbaycan bilavasitə sülh müqavilələri layihələri mübadiləsi aparırlar:
“Azərbaycan tərəfinin təklif etdiyi, mənim fikrimcə, tamamilə əsaslandırılmış, bir qayda olaraq, tərəflər arasında sülh müqavilələrində mövcud olan standart müddəa və maddələrdir. Prinsipcə, Bakının irəli sürdüyü təkliflərə əsaslanaraq, mənə elə gəlir ki, bu danışıqlar kifayət qədər tez başa çatdırıla bilər. Biz Moskva meydançasını təqdim etməyə, lazım gələrsə, öz ekspertizamızı, mətnlə bağlı məsləhətlərimizi verməyə hazırıq. Burada bizim azərbaycanlı həmkarlarımızla çox yaxşı qarşılıqlı əlaqəmiz qurulub”.
Rusiya səfiri rəsmi Bakının sülh müqaviləsi ilə bağlı danışıqlatı çox tez başa çatdırmaq niyyətində olduğunu da söyləyib:
“Görürəm ki, Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqları çox tez başa çatdırmaq əzmindədir. Amma bildiyimiz kimi, danışıqları başa çatdırmaq üçün hər iki tərəfin belə bir istəyi olmalıdır”.