İyunun 23-dən Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başlayacaq.
Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Nazirin Prezident İlham Əliyevlə görüşəcəyini bildirib: “Görüşlərdə ikitərəfli münasibətlərin gələcək inkişafına dair bütün kompleks məsələlərə baxılacaq. Eləcə də, regional və beynəlxalq gündəmdə olan aktual məsələlər müzakirə olunacaq. Əlbəttə ki, əsas diqqət yüksək səviyyəli üçtərəfli razılaşmaların həyata keçirilməsinə yönələcək”.
Rusiyalı nazirin səfərinin hansı atmosferdə keçəcəyi və onun Bakıdan hansı təəssüratlarla ayrılacağını demək çətindir. Lakin regionun və beynəlxalq arenanın hazırkı vəziyyəti siyasi səfərin məqsədi mümkün nəticələri ilə bağlı fikir yürütməyə imkan verir.
Məsələ ilə bağlı “Qərb Xəbər”ə danışan politoloq Nazim Cəfərsoyun sözlərinə görə, görüşün əsas məqsədi Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya işləri və regional məsələlər barədə olacaq: “Lavrovun Azərbaycana səfəri Rusiyalı nazirin iyunun əvvəlində Türkiyəyə, ardınca isə Ermənistana səfərləri ilə birbaşa əlaqəli prosesdir. Azərbaycan prezidenti tərəfindən Lavrov qəbul edilirsə, səfər çərçivəsində hansısa ciddi razılaşmaların həll edildiyini deyə bilərik. Sergey Lavrovun region ölkələrinə ardıcıl səfəri Rusiyanın hər üç ölkə ilə münasibətlərinin qorunmasında və gələcəkdə öz maraqları istiqamətində inkişaf etdirilməsində istəkli olduğunu göstərir. Rusiya ABŞ-ın Cənubi Qafqazdakı münasibətlərin nizamlanmasında maraqlı olduğunun fərqindədir. Bu marağın Qarabağ məsələsi ilə yanaşı enerji təhlükəsizliyi, Rusiyanın regiondan sıxışdırılması və sanksiya siyasətinin gücləndirilməsi ilə bağlı olduğu da məlumdur. ABŞ-ın sanksiya siyasətinə qoşulmayan region dövlətlərinin gələcək seçimləri isə Rusiyanın regiondakı maraqları üçün həyati əhəmiyyətə malikdir”.
Ülviyyə Həsənova