ABŞ Gürcüstanda “Xarici təsirlərin şəffaflığı” haqqında qanun layihəsinin parlamentə təqdim edilməsi ilə bağlı narahatlığını Gürcüstan hökumətinə çatdırıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin qurumun saytında dərc edilmiş bəyanatında bildirilib. Qeyd olunub ki, qanun layihəsi Gürcüstanın Avro-Atlantik inteqrasiyaya sadiqliyinə xələl gətirir və onu Avropa yolundan çıxarmaq riski daşıyır.
“Biz ötənilki “xarici agentlər haqqında” qanun layihəsi əsasında hazırlanmış qanunvericilik aktının Gürcüstan parlamentinə təqdim edilməsindən dərin narahatıq keçiririk. Qanun layihəsi səhiyyə, təhsil və sosial dəstək kimi sahələrdə Gürcüstanın sıravi vətəndaşlarının həyatına fayda verən vətəndaş cəmiyyəti təşkilatları üçün təhdid yaradır. Bu, Gürcüstanın Avro-Atlantik inteqrasiyaya sadiqliyinə xələl gətirir və Gürcüstanı Avropa yolundan çıxarmaq riski daşıyır. Biz bu narahatlığı Gürcüstan hökumətinə açıq şəkildə bildirmişik”, – deyə bəyanatda bildirilib.