“Qarabağ” Premyer Liqanın IV turunda “Neftçi” ilə ev oyunu ərəfəsində heyətlə bağlı ciddi problemlərlə üzləşib.
Zədəli yarımmüdafiəçi Filip Ozobiçin oynamayacağı dəqiqdir. Komanda ilə məşqlərə yenicə başlayan mərkəz müdafiəçisi Bədavi Hüseynovun meydana çıxıb-çıxmayacağı bilinmir. Həmçinin Azərbaycan millisinin məşqində zədələnən digər mərkəz müdafiəçisi Rahil Məmmədov və yığmanın Uelslə səfər görüşündə xəsarət alan Riçard Almeydanın da komandaya kömək edib-etməyəcəyi oyun gününə qədər bəlli olacaq.
“Neftçi”yə gəlincə, paytaxt təmsilçisinin ötən tur evdə “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etdiyi matçın 90+4-cü dəqiqəsində qırmızı vərəqə görən müdafiəçi Anton Krivotsyuk cəzalıdır. Həmin qarşılaşmanın 63-cü dəqiqəsində zədələndiyi üçün Rəhman Hacıyevlə əvəzlənən Soni Mustivar fərdi məşq edir. Haitili dayaq yarımmüdafiəçisinin “Qarabağ”a qarşı oynayıb-oynamayacağı dəqiq deyil.
Qeyd edək ki, sentyabrın15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:30-da başlayacaq. “Qarabağ” 4 gün sonra Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniyanın “Sevilya” komandasını qəbul edəcək.