Qazax şəhərində güclü külək iri gövdəli ağacı aşırıb, transformator və avtomobilə zərər dəyib.
“Qərb Xəbər”in məlumatına görə, hadisə Qazax şəhər, Bakı küçəsində qeydə alınıb.
Əsən güclü külək nəticəsində iri gövdəli şam ağacı aşaraq yaxınlıqdakı avtomobilə və transformatorun üzərinə düşüb. Hadisə nəticəsində avtomobillə və elektrik təsərrüfatına zərər dəyib. Bölgədə elektrik enerjisinin verilməsi dayandırılıb. Gecə 00:30 radələrində bərpa olunub.
Gəncədə də güclü külək əsib. Axşam saatlarında başlayan külək nəticəsində Gəncə şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Qeyri-sabit hava Ağstafa və Tovuz rayonunun infrastrukturuna da ziyan vurub. Bölgədə bəzi ərazilərdə, kəndlərdə elektrik enerjisinin verilməsi dayandırılıb. Tovuz rayonun Aşağı Quşcu kəndində bir evin dam örtüyü uçub.
Şəmkirdə külək rayon mərkəzində və kəndlərdə evlərin dam örtüyünü dağıdıb.
Yaranmış problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti idarə və qurumlar tərəfindən işlər aparılır.