Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi iyunun 25-də Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və hazırkı baş qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib. Onlar Ukraynaya Rusiyanın hücumu zamanı törədilən cinayətlərdə ittiham olunublar.
“Reuters” yazır ki, məhkəmə hər iki generalı Ukraynanın mülki obyektləri və dinc sakinlərinə hücumda, eləcə də hərbi cinayətlərdə şübhəli bilib. Hakimlər həmçinin generalların Ukraynanın enerji infrastrukturuna 2022-ci ilin 10 oktyabrından 2023-cü ilin martına qədər olan dövrdə endirilən raket zərbələrinə görə məsuliyyət daşımaları barədə yetərli əsas olmaması qənaətinə gəliblər.
Hələlik, Beynəlxalq Cinayət Məhkəməsinin qərarına Rusiyanın mövqeyi bəlli deyil. Lakin Moskva Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil və dəfələrlə bəyan edib ki, Ukraynanın enerji infrastrukturu qanuni hərbi hədəfdir. Üstəlik, Rusiya dinc əhali və mülki obyektlərə hücum iddialarını rədd edib.
Beynəlxalq Cinayət Məhkəməsinin son qərarından sonra qurumun Ukrayna müharibəsi ilə bağlı həbsinə order verdiyi rusiyalıların sayı 8-ə çatıb. Onların arasında Rusiya Prezidenti Vladimir Putin də var. O, Ukrayna uşaqlarının Rusiyaya deportasiyasında ittiham olunub.
Sergey Şoyqu hazırda Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutur.