Ukrayna ABŞ-dan ATACMS raketlərini istəyəcək.
Bu barədə Politico bildirib.
Nəşrin məlumatına görə, Ukrayna Prezidenti Vladimir Zelenskinin başçılıq etdiyi nümayəndə heyəti Vaşinqtona səfəri zamanı bir daha Co Bayden və onun komandasından Ukraynaya 300 kilometrə qədər məsafədə hədəfi vura bilən ATACMS raketləri verməyi xahiş edəcək.
Politico-nun məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, Ukrayna nümayəndə heyəti ATACMS-dan başqa, həmçinin “Grey Eagle” və “Reaper” pilotsuz təyyarələri də istəyəcək.
“Lakin ABŞ rəsmiləri bunu verməyə hazır deyil. Ağ Ev ATACMS-ın verilməsini qəti şəkildə rədd edib. Kiyevə uzaq mənzilli raketlərin çatdırılması Putini Ukraynaya qarşı potensial olaraq daha da ölümcül silahlardan istifadə etməyə təhrik edə bilər”, – qəzet yazır.
Politico bildirir ki, ABŞ-ın tərəddüdləri Ukrayna rəsmilərini narahat edib və ölkənin ali hərbi rəhbərliyini başqalarından, o cümlədən NATO xaricindən kömək istəməyə məcbur edib.
“İndi ukraynalılar qorxurlar ki, bu qış döyüş meydanında irəliləyə bilməyəcəklər və Xersonun azad edilməsindən sonra əldə etdikləri sürəti itirəcəklər”, – qəzet qeyd edir.
Daha əvvəl ABŞ-ın Ukrayna Silahlı Qüvvələrini HIMARS sistemləri üçün ATACMS raketləri ilə təmin etmədiyi, xüsusən də müvəqqəti işğal olunmuş Krımda hədəflərə zərbələr endirilməsi ilə bağlı fikir ayrılıqları olduğu bildirilirdi. ABŞ rəsmiləri Ukraynada kifayət qədər başqa mərmilərin olduğunu vurğulayır. “Niyə Ukrayna ATACMS raketləri ilə təmin edilmir” sualına cavab verən ABŞ-ın müdafiə naziri Lloyd Ostin isə deyib ki, ABŞ Ukraynanı “döyüş meydanında çox effektiv” silahlarla təmin edir.
Qeyd edək ki, Ukrayna Rusiyaya qarşı bütün zərbələri Vaşinqtonla koordinasiya etmək şərti ilə ATACMS raketlərinin ötürülməsi üçün müraciət edib.
Xatırladaq ki, bu gün Ukrayna Prezidenti ABŞ-a səfər edəcək, səhər saatlarında Zelenski ABŞ-a səfərini rəsmən təsdiqləyib. O, Prezident Baydenlə görüşməyi və Konqresdə çıxış etməyi planlaşdırır.
Associated Press agentliyi isə bildirib ki, bu gün Ağ Ev Ukraynaya 1.8 milyard dollar dəyərində hərbi yardım paketini elan edəcək.
Adları açıqlanmayan rəsmilər bildirib ki, bu gün elan edilməsi gözlənilən yardım paketinə Pentaqonun ehtiyatlarından alınan təxminən 1 milyard dollarlıq silah-sursat, həmçinin digər yardımları maliyyələşdirən Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü üçün 800 milyon dollar maliyyə vəsaiti daxildir.