Müasir Azərbaycan ədəbiyyatında bir neçə Məmməd adlı böyük şairimiz var.Məmməd Araz, Məmməd Aslan, Məmməd İsmayıl, Məmməd Dəmirçioğlu və Məmməd İlqar!
Bu gün ustad şair, Məmməd İlqarın doğum günüdür.
Məmməd İlqar Azərbaycan poeziyasında özünəməxsus yeri olan bir şairdi. Sözün qədrini bilən, sözlə portret çəkən bir rəssamdı. Məmməd İlqar şeri- insanın gözü önünə bir tablo sərir, onu oxumursan, həm də görürsən, canlı-canlı baxıb hiss edirsən.
Dostumuz Həmid Ormanlı demiş, Məmməd İlqar çörəkli şairdi. Əksər aşıqlar onun şerlərini oxuyur, ifalarını, repertuarlarını daha məzmunlu, daha canlı təqdim edirlər. Məmməd İlqar şeri, sazla bütövləşəndə yuxarıda söz açdığım portret daha aydın, daha canlı görünür, duyulur.
Şairin ömür yolunun qısa xronikasını xatırladım sizə:
Məmməd İlqar 1950-ci il fevralın 21-də Qazax rayonu Aslanbəyli kəndində dünyaya göz açıb. 1968-ci ildə o vaxtkı Politexnik İnstituna (indiki Texniki Universitetə) qəbul olub, lakin ikinci kursda təhsili yarımçıq qoyub,hərbi xidmətə gedib.
Hərbi Xidmətdən sonra, Xalq Təsərrüfatı İnstituna (İndiki İqtisad Universiteti) daxil olub, oradan məzun olub.
1991-ci ildə “Məni baxtıma tapşırma” adlı ilk şerlər kitabı işıq üzü görüb.Sonralar,”Biz ölməyə doğulmuşuq”,”Quzey Qönçəsi”,Azərbaycan Bayrağı ordenli şəhid Qaratel Hacımahmudovaya həsr etdiyi “Qaratel” dastan-poeması kitabları çap olunub.
“Məndən Sənə Qalan Sözdü”şerlər toplusu olan sonuncu kitabı 2020-ci ildə işıq üzü görüb.
İki övladı var. Sumqayıt şəhərində yaşayır.
Həyatımızın bütün dönəmlərinə, yaxşı və pis günlərimizə özünəməxsus şəkildə reaksiyası var, Məmməd İlqarın:
Yaradıcılığı ilə Azərbaycan şerində təcnisə yeni nəfəs gətirən Məmməd İlqar,bu janrda da özünəməxsusluğu və orjinallığı ilə yeni yol açdı:
Ay gözü göyçəyim, gözün hardadı –
Dən salıb saçıma dərdin dən, belə…
Yeriyən, danışan ölüyəm sənsiz –
Kim ölər mənimtək dərdindən belə?..
Dərd oxuna nişangahdı sinəm də,
Dərd əlindən ha gizlənəm, sinəm də.
Nə dərd desən yuvalanıb sinəmdə –
Bir bala sərçənin dərdindən belə…
Tapşır gözlərinə ilqara gəlsin,
Qiyma ki, ay qara, il qara gəlsin.
Gələn dərdin Məmməd İlqara gəlsin –
Neynər dərdli kəsə dərd indən belə?!.
Belə, dəyərli oxucu!
Mən bu qısa yazımda böyük şairimizin yaradıcılığı və həyatı haqda qısa məlumat vermək istədim. Bunu Məmməd İlqar yaradıcılığını sevən bir oxucu rəyi kimi qəbul edin.Şairin doğum günü olduğunu hörmətli Həmid Ormanlı mənə deyəndən sonra, internetdə axtarış verdim,ancaq şerləri və haqqında çəkilən bir neçə veriliş çıxdı qarşıma. Təəsif ki,Vikipedia portalında Məmməd İlqar haqda heç nə yoxdur.Tərcümeyi-halı, əsərləri, yaradıcılığı barədə geniş təhlil yazısına ehtiyac var,məncə.Bir də ölkədə bu qədər sevilən və seçilən şairimiz olan Məmməd İlqar, fikrimizcə Dövlət tərəfindən layiqli qiymətini almayib.Bəlkə də nə vaxtsa bu da olacaq. Amma və lakin…
“Sağlığında qiymət verək, İnsanlara!”
74 yaşını tamamlayan Məmməd İlqara uzun ömür arzusu ilə..
Məhərrəm Göyüşoğlu
“Qərb Xəbər”