Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub.
Qerbxeber.com Rusiya mediasına istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.
Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.
Əraziyə toplaşan insanlar vaxtaşırı “Navalnı!” və “Biz bağışlamayacağıq!”,”Azad Rusiya”, “Putinsiz Rusiya” kimi şüarlar səsləndiriblər.
ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin vidalaşma mərasimində iştirak etdiyi bildirilib.
Bu gün həmçinin Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun gündəlik brifinqində Navalnı ilə bağlı sualları cavablandırıb.
O, açıqlamasında qeyd edib ki, Kremlin Navalnının dəfn günü onun qohumlarına deyəcək sözü yoxdur.
“Navalnının dəfn günü icazəsiz mitinqlərdə iştirak edənlər qanun qarşısında cavab verəcəklər”, – deyə o bildirib.
Jurnalistin Kreml Navalnının fəaliyyətini qiymətləndirə bilərmi sualına isə Peskov belə cavab verib: “Xeyr, qiymətləndirə bilməz”.
Qeyd edək ki, fevralın 16-da Rusiya Federal Penitensiar Xidməti Aleksey Navalnının həbsxanada öldüyü barədə məlumat yayıb.
Vladimir Putinin ən qatı müxalifi hesab olunan 47 yaşlı Aleksey Navalnı 2021-ci ildən bəri həbsdə idi.