Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında müharibə iştirakçılarına verilən müavinətin artırılması təklifi irəli sürülüb. Belə ki, deputatlar veteranlara verilən 80 manatın az olduğunu dilə gətiriblər.
“Qərb Xəbər ” bildirir ki,bu barədə Globalinfo.az-a danışan deputat Vahid Əhmədov veteranların müavinətinin artırılması məsələsini ilk onun qaldırdığını deyib.
O, əvvəlki iclasların birində baş nazir Əli Əsədovun da iştirak etdiyini bildirib:
Vahid Əhmədov
“Xahiş edərək dedim ki, Azərbaycan qalib dövlətdir, ərazilərimiz işğaldan azad edilib, ərazi bütövlüyümüzü təmin etmişik. Ona görə də, müharibə veteranları üçün 80 manat azdır. Bu məbləğin artırılmasına böyük ehtiyac olduğunu bildirdim. Çünki müharibə veteranı şəhid və ya qazi də ola bilərdi. Bu səbəbdən də onların haqqını artıqlaması ilə ödəməliyik”.
V.Əhmədov Milli Məclisin komitə iclasında təkrar bu məsələyə toxunduğunu deyib:
“Nəhayət, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini qeyd etdi ki, artıq bu məsələyə baxılır. İndi biz gözləyirik, görək, plenar iclasda nə cavab verəcəklər. Amma nə qədər artırılması ilə bağlı bir söz deyə bilmərəm. Bu, dövlət büdcəsinin tərkibindən, yəni onun gəlirindən, xərcindən, sosial müdafiə fondunun imkanlarından və s. asılıdır. Amma artırılması çox vacibdir. Çünki bizdən də tələb olunur, özümüz də görürük ki, bu iş həll olunmalıdır”.