Böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyinin acınacaqlı vəziyyəti ilə bağlı ictimai fəallar Samirə Bayramova və Teyva Qəribovanın təşəbbüsü ilə rəsmi dövlət qurumlarına məktub ünvanlanıb.
“QərbXəbər”24News.ge xəbər portalına istinadən məlumat verən T. Qəribova bildirib ki, məktublar Tbilisi Meriyasına, Mədəniyyət Nazirliyinə və Tbilisi Sakrebulosuna təqdim olunub.
Onun sözlərinə görə, məktubda binanın son dərəcə acınacaqlı vəziyyətdə və burada yaşayan insanların da təlaş içində olduğu qeyd olunub. Bildirilib ki, binada olan mövcud baxımsızlıq və nəzərtsizlik buradakı eksponatların bir hissəsinin də oğurlanmasına səbəb olub.
İctimai fəal deyib ki, müraciət məktubunda binanın mövcud vəziyyəti ilə bağlı təcili addımlar atılması və təmir-bərpa işlərinin sürətləndirilməsi xahiş olunub.
Qeyd edək ki, 200-dən çox yaşı olan bina, bu ilin fevral ayının 13-də Gürcüstanda baş vermiş 6,2 bal gücündə zəlzələdən sonra daha da qəzalı vəziyyətə düşüb.
Məlumat üçün bildirək ki, bir müddət öncə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev muzeyə 2019-cu ildən nəzarət edən Gürcüstanın Azərbaycanlı Ağsaqallar Şurasının sədri İsaq Novruzov, sakinlərin nümayəndəsi İrina Kiasaşvili və binanın möhkəmləndirilməsi üzrə layihə hazırlayan mütəxəssislərlə görüş keçirib. Bildirilib ki, tikilinin fundament və divarlarının möhkəmləndirilməsi üzrə son layihə 2017-ci ildə hazırlanıb. İşlər üçün tələb olunan vəsait 100 min lari məbləğində hesablanıb. Vəsaitin 90 faizini Tbilisi meriyası öz üzərinə götürəcəyini bildirib, yerdə qalan hissəni isə sakinlər ödəməlidirlər.
Xatırladaq ki, Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalını burada nəşr etdirmişdir. Jurnalın ilk nömrəsinin Tbilisidə nəşrindən (7 aprel 1906-cı il) 117 il keçir. Burada ədibin Tbilisidəki fəaliyyətini əks etdirən sənədlər, fotomateriallar, əsərləri əsasında çəkilmiş bədii filmlər, “Molla Nəsrəddin” jurnalının nüsxələri saxlanılır. Jurnalın çap edildiyi “Qeyrət” mətbəəsi də bu evin zirzəmisində yerləşib.