Milli Məclisdə yaradılan komissiya ABŞ Senatının erməniləri müdafiə aktı ilə bağlı bəyanat hazırlayıb.
“Qərb Xəbər”in məlumatına görə, Bəyanatı deputat Kamilə Vəliyeva oxuyub.
Bəyanatda deyilir:
“Milli Məclis ABŞ Senatında Azərbaycana qarşı qəbul edilmiş aktı qətiyyətlə rədd edir, bunu iki ölkə arasında münasibətlərə ciddi zərbə kimi qəbul edir. Bu, regionda sülh yaradılması səylərinə ciddi maneçilik törədir. ABŞ Senatının qəbul etdiyi akt ikili standartların və selektiv yanaşmanın bariz nümunəsidir. Ermənistan Azərbaycana qarşı işğalı genişləndirərkən, Xocalı soyqırımı, azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın törədərkən ABŞ BMT-nin TŞ-nin daimi üzvü kimi Azərbaycana qarşı bu hərəkətlərin qarşısının almasına cəhd etməyib, əksinə, Azərbaycana qarşı “907-ci düzəlişi” qəbul edib. Nəticədə, ABŞ-ın Ermənistana verdiyi maliyyə dəstəyi Azərbaycan torpaqlarının işğalı üçün Ermənistana köməklik göstərib.
ABŞ Azərbaycan ərazisində yaradılmış separatçı rejimi dəstəkləyib. ABŞ-nin vasitəçi kimi bugünkü addımları Azərbaycan cəmiyyətində nüfuzunu itirməsi ilə nəticələnib. Amerikanın son illərdə həyata keçirdiyi xarici siyasət tamamilə iflasa uğrayıb. Xüsusilə Yaxın Şərq və Əfqanıstan siyasətini qeyd etmək lazımdır. Azərbaycanın Milli Məclisi bir daha bəyan edir ki, Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prpinsipi əsasında bütün mənfi addımları qətiyyətlə cavablandıracaq”.
Müzakirələrdən sonra Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.